Bank VTB (Azərbaycan)-ın “Müştəriyə dəstək” güzəşt proqramına böyük tələbat müşahidə olunur

Bank VTB (Azərbaycan)-ın Müştəriyə dəstək güzəşt proqramına böyük tələbat müşahidə olunur | alkredit.az

Bank VTB (Azərbaycan)-ın “Müştəriyə dəstək” güzəşt proqramı müştərilər arasında ciddi marağa səbəb olub. Bankın idarə heyətinin sədri Yuri Yakovlevin sözlərinə görə, “Müştəriyə dəstək” proqramı üzrə banka hər gün 100-ə yaxın müraciət daxil olur.

“Proqrama əsasən, biz müştərilərimizə hazırkı vəziyyətdə onların ödəniş qabiliyyətini nəzərə alan şərtlər təklif edirik. Fərdi yanaşma hesabına proqram hər bir müştəriyə kredit ödənişini daha asan şəkildə həyata keçirməyə imkan yaradır”- deyə Yuri Yakovlev bildirib.

Güzəşt proqramının şərtlərinə əsasən, bank müştəriləri iki kateqoriyaya bölüb: iş yerini və əsas gəlir mənbəyini itirən və indiki vəziyyətdə gəlirləri xeyli azalan müştərilər.

İş yerini və əsas gəlir mənbəyini itirənlər üçün proqram 6 ay müddətinə aylıq ödənişin əhəmiyyətli şəkildə azaldılmasını nəzərdə tutur. Bu müddət ərzində “Avtokredit” və “Girovlu istehlak krediti” olan müştərilər aylıq ödənişlərinin cəmi 10%-ni, “Nağd kredit” məhsulu üzrə borclu olanlar isə aylıq ödənişlərinin cəmi 15%-ni ödəyəcək. Beləliklə, kreditin məbləğindən asılı olaraq aylıq ödəniş hətta 15-20 manat təşkil edə bilər ki, bu da hər kəsin ödəyə biləcəyi məbləğdir.

Proqram çərçivəsində gəlirləri azalan müştərilərə bank aylıq ödənişin bir il müddətinə azaldılmasını təklif edir. Nəticədə aylıq ödənişlər dollar kreditləri üçün 50%-ə qədər, manat və rublda olan kreditlər üçün 30%-dək azaldıla bilər. Bu, proqram iştirakçılarına devalvasiyadan əvvəl ödədikləri məbləğdən daha az ödəniş etməyə imkan verəcək. Bundan əlavə, gecikməsiz ödəniş edən müştərilər üçün 12 ayın yekununda bank, kreditin faiz dərəcəsini 25% azaltmağa hazırdır.

“Bununla da biz, ödənişdə çətinliklərlə üzləşən müştərilər üçün müxtəlif sərfəli şərtlər təklif edirik. Aylıq ödənişlərin azaldılması, kredit müddətinin uzadılması, faiz dərəcələrində əhəmiyyətli dərəcədə güzəştə gedilməsi kimi təkliflərimiz müştərilərin devalvasiya nəticəsindəki itkilərini kompensasiya etməyə imkan verir. Fikrimcə, ödəniş edə bilməyən müştəri yoxdur. Maliyyə çətinlikləri ilə qarşılaşan müştərilər və ödəniş etmək istəməyən müştərilər var. Ödəniş etmək niyyətində olan, lakin müəyyən çətinliklərlə rastlaşan dürüst müştərilər üçün bank əhəmiyyətli güzəştlərə gedir və onlar üçün uyğun olan şərait yaradır. Ödəniş etmək istəməyənlər isə nəinki bankı, eləcə də borcunu ödəməyə imkan tapan öz yaxınlarını, dostlarını aldadır” - deyə bankın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Y.Yakovlevin sözlərinə görə, bank VTB (Azərbaycan) nəinki pərakəndə, həmçinin korporativ müştərilərinə kömək etmək niyyətindədir. Korporativ müştərilər üçün bank fərdi təkliflər hazırlayır. “Mən əminəm ki, biz birlikdə bu vəziyyətdən çıxacağıq. Bir müddətdən sonra daha asan olacaq, biznes də, əhali də inflyasiya şokunun nəticələrini geridə qoyacaq” - deyə Yuri Yakovlev əlavə edib.

 

 

Arayış üçün:

 

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin  səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14  filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub