Bank VTB (Azərbaycan) İpoteka Fondunun xətti ilə ipoteka kreditlərinin verilməsinə başlayıb

Bank VTB (Azərbaycan) İpoteka Fondunun xətti ilə ipoteka kreditlərinin verilməsinə başlayıb | alkredit.az

Bank VTB (Azərbaycan) İpoteka Fondunun xətti ilə ipoteka kreditlərinin verilməsinə başlayıb

Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə Bank VTB (Azərbaycan) ipoteka kreditlərinin verilməsinə başlayıb. Belə ki, 2015-ci ilin noyabrından VTB (Azərbaycan) dövlət ipoteka fondunun müvəkkil-banklar siyahısına daxil olub. AİF tərəfindən 2015-ci ilin sonuna qədər bank VTB (Azərbaycan) üçün limit müəyyənləşdirilib.

“Dövlət ipoteka proqramı orta gəliri olan bir çox ailəyə yaşayış şəraitini yaxşılaşdırmağa imkan verir. İndi bizim bank da AİF standartlarına uyğun ipoteka krediti xidməti göstərə biləcək. Biz həmçinin AİF “Elektron ipoteka” sisteminə də qoşulmuşuq. Bu da vətəndaşların ipoteka almaq üçün banka müraciət prosedurlarını asanlaşdırır” – deyə, bank VTB (Azərbaycan)-ın İdarə heyətinin üzvü Tural Vəliyev bildirib.

AİF standartları üzrə ipoteka krediti Azərbaycan vətəndaşlarına 3-25 il müddətinə verilir. Kreditin məbləği 50 min manatdan çox ola bilməz. Kredit üzrə faiz dərəcəsi 8% təşkil edir, ilkin ödəniş isə-20%.

Dövlət ipoteka proqramı həmçinin güzəştli ipoteka kreditini də nəzərdə tutur. Güzəştli ipoteka krediti şəhidlərin ailə üzvlərinə, milli qəhrəmanlara, məcburi köçkünlərə və ya ona bərabər tutulan şəxslərə, 3 ildən az olmayan müddətdə dövlət qulluğunda çalışanlara, elmlər namizədi və ya doktoru elmi dərəcəsi, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə verilir. Bundan başqa, bu seqmentə 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olan, eləcə də istefaya və ehtiyata buraxılmış hərbi qulluqçular daxildir. Hər bir ailə güzəştli ipotekadan yalnız bir dəfə istifadə edə bilər.

Güzəştli ipoteka üzrə faiz dərəcəsi 4%, ilkin ödəniş isə 15% təşkil edir. Güzəştli kreditin məbləği 50 min manatı, müddəti isə 30 ili keçməməlidir.