Bankların bankomatlarında bir ilk

Bankların bankomatlarında bir ilk | alkredit.az

Azərbaycanda təkcə bir ay ərzində 20-yə yaxın bankomat fəaliyyətini dayandırıb. Cari ilin iyul ayında ölkədə mövcud olan bankomatların sayı ay ərzində 18 ədəd və ya 0,67% azalaraq avqustun 1-nə 2685 ədəd təşkil edib.

Mərkəzi Banka istinadən verilən xəbərə görə, tarixdə ilk dəfə olaraq belə bir sayda azalma qeydə alınıb. Bankomatların sayında azalma 2006-cı ildən indiyədək yalnız bir dəfə, 2014-cü ilin yanvar ayında qeydə alınıb. Həmin vaxt cəmi 5 bankomat sıradan çıxıb.

Hesabata əsasən, bankomatların 1507 ədədi və ya 56,13%-i Bakı, 1 178 ədədi və ya 43,87%-i regionlar üzrə paylanıb. Bildirək ki, azalma paytaxt hesabına baş verib. Belə ki, hesabat ayında paytaxtda 23 bankomat fəaliyyətini dayandırıb, regionlarda isə mövcud bankomatların sayına daha 5-i əlavə olunub.

Qeyd edək ki, adambaşına düşən bankomat hesabı üzrə ay ərzində dəyişiklik müşahidə olunmayıb və cari ilin avqustun 1-nə ölkədə hər 3,6 min nəfərə bir bankomat düşüb.

Mənbə: Report