“Banklar 20 il Konstitusiyaya zidd kredit veriblər?!

bu gün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib, iddiaçıların, maraqlı tərəflərin və hakimlərin fikirləri dinlənilib.

Plenumda Konstitusiya Məhkəməsinin hakimlərinin iddiaçılara və çıxış edənlərə verdiyi bir sual diqqəti çəkib.

Hakimlər çıxış edənlərə bir neçə dəfə, “Sizin fikirinizcə kreditin verilməsi və ya öhdəliyin yaranması “ödəniş vasitəsidir”, yoxsa yox” sualını ünvanlayıblar.

İddiaçılar, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatının sektor müdiri Mahir Məmmədov və Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayev, “Bunlar tamamilə üst-üstə düşən anlayışlardır” deyə bildiriblər. Çünki müqavilə ilə, bank vəsaiti borcalana verməyi, borc alan da müəyyən edilmiş qrafik ilə geri ödəməyi öhdəsinə götürür.

Bakı Dövlət Universitetinin dosenti Azad Talıbov bildirib ki, burada mübahisəli olan məsələlərdən biri kreditlərin faizləri və hesablanan dəbbə puludur ki, bu vəsaitlər də yeni məzənnə ilə hesablana bilər. Onun fikirinə görə, götürülən kreditin əsas məbləği  öhdəlik yaranan gün, yəni bank borc vəsaitini kreditalanın sub hesabına köçürdüyü gün mövcud olmuş məzənnə ilə geri qaytarmalıdır.

Banklar 20 il Konstitusiyaya zidd kredit veriblər?! | alkredit.az

Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayev bildirib ki, Mülki Məcəllənin 439.1 maddəsinin birinci sətrində “Pul öhdəliyi manatla ifadə edilməlidir” yazıldığından, bankların bu günə qədər dollar ilə ifadə edilən kredit müqavilələrinin Konstitusiyaya zidd olduğu ortaya çıxır.

Bu fikirə cavab olaraq Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova belə cavab verib: “Öhdəliyin yaranması, kreditin verilməsi, borcun qaytarılması ödəmədirsə, belə çıxır ki, banklar 20 ildir Konstitusiyaya zidd kreditlər veriblər?! Çünki Konstitusiya xarici valyutanı ödəniş vasitəsi kimi qadağan edir. Bu, mənim subyektiv fikirimdir”.

Plenumda Bakı Apelyasiya Məhkəməsinin hakimi çıxış edərək, borc anlayışına diqqət çəkib. Onun sözlərinə görə, kreditin verilməsi borc vermək deməkdir.  Borc verilən əşya isə puldur. Əgər borc dollarda verilibsə dollarla, manatda verilibsə manatla da geri qaytarılmalıdır.

Onun sözlərinə görə, Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələri alqı-satqı münasibətləri zamanı əsas götürülə bilər. Kreditin verilməsi və qaytarılması “ödəniş” anlamına gəlmir.

“Əgər kreditlərin köhnə məzənnə ilə ödənilməsini nəzərdə tutan bir qərar çıxarsa ölkədə vəziyyət pisləşə və banklar müflis ola bilər”,- o deyib.

Plenumda Mərkəzi Bankın direktoru Rəşad Orucov da çıxış edib.

Rəşad Orucov, “Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər” deyib.

Rəşad Orucov qeyd edib ki, “kreditlərin verilməsi” “ödəniş vasitəsi” anlamına gəlmir. Pul da əşyalardan biridir. Kredit verilməsi, bankın pul mülkiyyətini borcalana istifadə etməyə verməsi deməkdir.  Əşyanın valyutasının müəyyən edilməsi və ya seçilməsi tərəflərin öz hüququdur.

“Əgər kredit dollar əşyasında verilibsə dollarda, manat əşyasında verilibsə manatda geri qaytarılmalıdır”, o deyib.

Mərkəzi Bankın sədrinin sözlərinə görə, kreditlərin dollarda verilməsi Azərbaycan Respublikası Konstitusiyasına zidd deyil. Konstitusiyaya görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Ödəniş dedikdə alınan mal və xidmətlərin dəyərinin ödənilməsi başa düşülür. Kreditin verilmsi isə, pul əşyasından mülkiyyət hüququnun başqasına verilməsidir.

Hüquqşünaslar Konstitusiya Məhkəməsi Plenumunun qərarının bankların xeyrinə ola biləcəyini proqnozlaşdırırlar. Böyük ehtimalla, "kreditin verilməsi"  və ya "öhdəliyin yaranması", "kreditin ödənilməsi", "pulun dövriyyəsi" anlayışlarının "ödəniş vasitəsi" anlayışları ilə eyni olmadığı izah ediləcək. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Lakin kreditin verilməsi və qaytarılması "ödəniş" sayılmayacağından, dollarda olan kreditlər dollarda alınmışdırsa, dollarda da geri qaytarılmalı olacaqdır.