Banklarda aparılan mükafatlandırma prosesinə dair yeni tələblər

Banklarda aparılan mükafatlandırma prosesinə dair yeni tələblər | alkredit.az

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 03 iyun 2013-cü il tarixli 12/04 nömrəli qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə standartları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.  1.3-cü bənddə “sənədin” sözündən sonra “12-2-ci,” sözü əlavə edilsin;

aşağıdakı məzmunda 2.0-1-ci bənd əlavə edilsin:

2.  “2.0-1. Bu Qaydaların məqsədləri üçün “vəzifə maaşı”, “əmək haqqına əlavə” və “mükafat” anlayışları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsində verilən mənaları ifadə edir.”;

3 . 7.5.4-cü yarımbənddə “sahibləri” sözü “mülkiyyətçiləri” sözü ilə əvəz edilsin;

4 . 12.8.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“12.8.2. Mükafatlandırma komitəsinin əsas vəzifələri aşağıdakılardır:

12.8.2.1. bu Qaydaların 12-1.1-ci bəndində göstərilən prinsipləri rəhbər tutaraq bankın mükafatlandırma siyasətinin hazırlanması və təsdiq olunmaq üçün Müşahidə Şurasına təqdim edilməsi;

12.8.2.2. mükafatlandırma prosesinə nəzarətin həyata keçirilməsi, o cümlədən ən azı ildə bir dəfə Riskləri idarəetmə komitəsi ilə birgə mükafatlandırma sisteminin səmərəliyinin qiymətləndirilməsi;

12.8.2.3. mükafatlandırmanın həcmi üzrə təkliflərin bankın müvafiq idarəetmə orqanına təqdim edilməsi.”;

5.  aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:

12-1. Banklarda aparılan mükafatlandırma prosesinə dair tələblər

12-1.1. Hər bir bankda onun risklərin idarə olunması siyasətinə müvafiq olaraq mükafatlandırma siyasəti müəyyən edilir. Mükafatlandırma siyasəti bankın uzunmüddətli fəaliyyət nəticələrinə əsaslanmalı, strateji hədəflərə nail olmasına yönəldilməli, bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə etməsinə, həmçinin bank əməkdaşları və idarəetmə orqanları üzvlərinin əməyinin ödənilməsi mükafatlardan asılı olmamalıdır.

12-1.2. Mükafatlandırma siyasətində ən azı aşağıdakı kateqoriyalara aid olan bank əməkdaşları və idarəetmə orqanlarının üzvlərinə mükafatın verilməsi şərtləri ayrı-ayrılıqda əks etdirilməlidir:

12-1.2.1. bankın rəhbərliyi. Bu kateqoriyaya Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvləri, habelə bankın bir və ya bir neçə struktur bölməsinə nəzarəti həyata keçirən (kuratorluq edən) əməkdaşları aiddir;

12-1.2.2. banka gəlir gətirilməsinə yönəlmiş risk-əsaslı fəaliyyətlə məşğul olan bank əməkdaşları və belə struktur bölmələrin rəhbərləri. Bu kateqoriyaya bankın ən azı kreditlərin verilməsi və qiymətli kağızların alqı-satqısı əməliyyatlarını, həmçinin törəmə maliyyə alətləri ilə bağlı əməliyyatları həyata keçirən struktur bölmələrinin əməkdaşları aiddir;

12-1.2.3. bankın bu Qaydaların 12-1.2.1 – 12-1.2.2-ci yarımbəndlərində nəzərdə tutulmayan digər əməkdaşları.

12-1.3. Bu Qaydaların 12-1.2-ci bəndində nəzərdə tutulmuş hər bir əməkdaşa və idarəetmə orqanının üzvünə il ərzində verilən mükafatların ümumi həcmi ona il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin (və ya bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında əmək haqqı formasında təyin edilmiş əmək haqqının) ümumi məbləğinin 2 (iki) mislindən artıq olmamalıdır. Bankdan əmək haqqı almayan (muzdu bankın səlahiyyətli idarəetmə orqanının qərarı əsasında bölüşdürülməmiş mənfəətin faizi şəklində müəyyən olunan) Müşahidə Şurasının hər bir üzvünə ödənilən muzda əlavə olaraq təyin edilən illik mükafatın məbləği mükafat verilən il üzrə bankın əldə etdiyi xalis mənfəətin (mənfəət vergisi ödənildikdən sonra) 1 (bir) faizindən çox olmamalıdır.

12-1.4. Bu Qaydaların 12-1.2.1-ci yarımbəndinə müvafiq olaraq bankın rəhbərliyinə aid olan şəxslərin mükafatlandırılmasında ən azı aşağıdakı tələblər nəzərə alınmalıdır:

12-1.4.1. mükafatın verilməsi barədə qərar ildə bir dəfə qəbul edilir. Bu zaman bank maliyyə illinin nəticələrinə görə xalis mənfəət əldə etməli, habelə bankın məcmu kapitalının minimum miqdarı, kapitalının adekvatlıq əmsalı və aktivlər üzrə yaradılmış xüsusi ehtiyatları həm maliyyə ilinin yekun nəticələrinə, həm də mükafatın verilməsi barədə qərar qəbul edilən tarixə Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlərə uyğun olmalıdır;

12-1.4.2. bankın səhmləri ilə ödənilən mükafatlar istisna olmaqla mükafatın ən azı 60 (altmış) faizinin ödənişi təxirə salınır və növbəti üç il ərzində bərabər hissələrlə ödənilir;

12-1.4.3. hər hansı növbəti maliyyə ilinin nəticələrinə görə bank zərərlə işlədikdə və ya əldə edilmiş xalis mənfəət mükafat hesablanan ilin xalis mənfəətinin 25 (iyirmi beş) faizindən az olduqda, yaxud məcmu kapitalın minimum miqdarı, hesablanmış kapital adekvatlığı əmsalı və ya aktivlər üzrə yaradılmış xüsusi ehtiyatlar ilə bağlı Mərkəzi Bankın müəyyən etdiyi prudensial normativlər bank tərəfindən pozulduqda mükafatın təxirə salınmış və həmin il üçün nəzərdə tutulmuş hissəsinin ödənişi həyata keçirilmir. Növbəti maliyyə ilində (illərində) bu hallar aradan qaldırıldıqda təxirə salınmış mükafatın həmin il üçün nəzərdə tutulmuş hissəsi ödənilir;

12-1.4.4. mükafatın təxirə salınmış hissəsi üzrə faizin hesablanması nəzərdə tutulduqda, faiz ödənişləri mükafatın ödənilməsi barədə qərarın qəbul edilməsi tarixinə qorunan əmanətlər üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş faiz dərəcəsinin yuxarı həddini keçməməlidir;

12-1.4.5. mükafatın istənilən formada təxirə salınmış hissəsi bank qarşısında öhdəliklər üzrə təminat qismində qəbul edilmir;

12-1.4.6. bank rəhbərliyinə aid olan şəxslər hər hansı səbəbdən tutduğu vəzifələrindən kənarlaşdırıldıqda və ya azad olunduqda mükafatın təxirə salınmış hissəsinin ödənişi bu Qaydaların 12-1.4.2 – 12-1.4.5-ci yarımbəndlərinin şərtlərinə uyğun həyata keçirilir.

12-1.5. Bankın rəhbərliyinə aid olan şəxslərə ödənilən mükafatlar üzrə bu Qaydaların 12-1.4-cü bəndində nəzərdə tutulmuş bütün şərtlər səlahiyyətli idarəetmə orqanının mükafatlandırmaya dair qərarında öz əksini tapmalıdır.

12-1.6. bu Qaydaların 12-1.2.1 – 12-1.2.3-cü yarımbəndlərində qeyd edilmiş bank əməkdaşları və idarəetmə orqanlarının üzvlərinə aşağıdakı hallarda mükafat, o cümlədən onun təxirə salınmış hissəsi verilmir:

12-1.6.1 Mərkəzi Bankdan sonuncu instansiya kreditoru qismində kredit almış bankda kredit üzrə öhdəliklər tam yerinə yetirilənədək;

12-1.6.2 Mərkəzi Bankın banka qarşı xüsusi ehtiyatların yaradılması, kapitalın artırılması və ya kapital adekvatlığı əmsalının pozulması hallarının aradan qaldırılması barədə məcburi göstərişi olduqda, həmin göstəriş bank tərəfindən tam icra olunanadək;

12-1.7. Bankın rəhbərliyinə aid olan şəxslərə hər il üçün (təxirə salınmış mükafatlar istisna olmaqla) mükafatın verilməsi və onun həcmi barədə qərar Səhmdarların Ümumi Yığıncağı tərəfindən, digər kateqoriyalara aid bank əməkdaşlarının mükafatlandırılması üzrə qərar isə Müşahidə Şurası tərəfindən təsdiq edilir.”;

6.  aşağıdakı məzmunda 12-2-ci hissə əlavə edilsin:

12-2. Xarici bankların yerli filiallarında aparılan mükafatlandırma prosesinə dair tələblər

12-2.1. Xarici bankın yerli filialının hər bir əməkdaşına, o cümlədən rəhbər işçisinə il ərzində verilən mükafatın həcmi ona il ərzində ödənilən vəzifə maaşının və əmək haqqına əlavələrin ümumi məbləğinin 2 (iki) mislindən artıq olmamalıdır.

12-2.2. Filialın rəhbər işçilərinin (filialın rəhbəri və onun müavini, habelə bir və ya bir neçə struktur bölməsinə nəzarəti həyata keçirən (kuratorluq edən) əməkdaşı) mükafatlandırılması bu Qaydaların 12-1.4-cü yarımbəndində nəzərdə tutulan tələblərə uyğun olaraq aparılır.

12-2.3. Bu Qaydaların 12-1.6.1-ci və 12-1.6.2-ci yarımbəndlərində nəzərdə tutulan hallarda filialda mükafatlar ödənilmir.”;

7.  14.6.8-ci yarımbənddə “və mükafatın dəyişkən hissəsinin müəyyənləşdirilməsi məqsədi ilə istifadə olunan metod və

meyarlar barədə məlumat” sözləri çıxarılsın;

8.  14.6.12-ci yarımbənddə “sahibinin” sözü “mülkiyyətçisinin” sözü ilə əvəz edilsin.

mənbə:marja