Banklarda manat əmanətləri artır

Banklarda manat əmanətləri artır | alkredit.az

Cari ilin Aprel ayının 1-nə fiziki şəxslərin banklarda əmanətləri 7 milyard 888,9 milyon manat təşkil edib. Bu, Martın 1-i ilə müqayisədə 188,4 milyon manat azdır. Yanvarda banklarda əhalinin əmanətləri 830,6 milyon manat, Fevralda 566 milyon manat azalmışdı. Azalmanın hər ay aşağı düşməsi, banklardan əmanətlərin geri götürülməsi tempinin ləgidiyinə işarə edir. Ötən ilin sonunda banklarda fiziki şəxslərin 9 milyard 473,9 milyon manat əamanəti var idi.

DOLLARDAKI ƏMANƏTLƏR AZALIB

01 Aprel 2016-cı il tarixində banklardakı 7 milyard 888,9 milyon manat əmanətin 19,2%-i və ya 1 milyard 511,6 milyon manatı milli valyutada, 80,8%-i və ya 6 milyard 377,3 milyon manatı xarici valyutada olub. Mart ayında manatda olan əmanətlər 1 milyard 408,9 milyon manatdan 1 milyard 511,6 milyon manata yüksəlib. Xarici valyutada olan əmanətlər isə 6 milyard 668,4 milyon manatdan 6 milyard 377 milyon manata düşüb. Belə çıxır ki, banklardan götürülən əmanətlər əsasən dollarda yatırılmış əmanətlər olub.

Qeyd edək ki, Yanvar ayında banklardakı əmanətlərin 83,5%-i xarici valyutada idi.