Bu sahibkarlar 7 il vergidən azad edilir

Bu sahibkarlar 7 il vergidən azad edilir | alkredit.az

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik və əlavələr edilir.

Məcəlləyə edilən əlavəyə əsasən, investisiya təşviqi sənədi - investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydasına uyğun olaraq verilən və  Məcəllə nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir.

İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslərdə və fərdi sahibkarlarda vergitutma

İnvestisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.

İnvestisiya təşviqi sənədi əvvəllər almış şəxs yeni investisiya layihəsinə əsasən istehsal sahəsi qurduqda, bu Məcəllə ilə müəyyən edilmiş vergi güzəştləri şəxsin yeni investisiya layihəsi üzrə İnvestisiya təşviqi sənədi alındığı tarixdən hesablanır.

İnvestisiya təşviqi sənədi almış şəxs vergi güzəştlərinin tətbiq olunduğu dövrdə investisiya layihəsinə aid olmayan fəaliyyət göstərdikdə həmin fəaliyyətlə bağlı gəlirlərin və xərclərin uçotunu ayrıca aparmalı və bu fəaliyyətə görə əldə etdiyi gəlirlərdən vergiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəyir.


-İnvestisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin 50%-i  - 7 il müddətinə gəlir vergisi ödəməkdən azaddır.

- İnvestisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50%-i  - 7 il müddətinə mənfəət vergisi ödəməkdən azaddır.

investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - investisiya təşviqi sənədini aldığı andan 7 il müddətinə ƏDV tiutulmur.

-buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2016-cı il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilir.

- İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.

-. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar.

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa da dəyişikliklər edilir.

Dəyişikliyə əsasən,

-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi meyarlara uyğun olaraq ölkə iqtisadiyyatı üzrə prioritet hesab olunan sahələrdə investisiya fəaliyyəti həyata keçirən hüquqi şəxslər və fərdi sahibkar tərəfindən investisiya təşviqi sənədi aldıqları andan müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular - 7 il müddətinə;

-müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;

-müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 7 il müddətinə gömrük rüsumundan azad edilir.

mənbə:marja