Cəbhədən SON MƏLUMAT

Cəbhədən SON MƏLUMAT | alkredit.az

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.
Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

XXX

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.

XXX

Səhər saatlarından döyüşlər yenidən başladı

Cəbhə bölgəsində düşmənlə təmas xəttində vəziyyət yenidən gərginləşib. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.

Qurum rəsmisi bildirib ki, dünən gecə saatlarında təmas xəttində vəziyyət yenidən gərginləşib. Bu gün səhər vəziyyət nisbətən sabitləşsə də, düşmən tərəf yenidən ağır artilleriyalardan cəbhə boyu mövqelərimizi, xüsusən də Ağdərə, Xocavənd, Ağdam və Tərtər rayonlarındakı yaşayış məntəqələrini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab atəşi endirir.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

XXX

"Füzuli və Xocavənd istiqamətində vəziyyət nisbətən stabildir".

Bunu Report-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

O bildirib ki, Ağdərə və Tərtər istiqamətində isə vəziyyət gərgin olaraq qalır.

mənbə:marja