Dövlət borclanmasının 3 milyard manat artırılması ipoteka ilə də bağlı olub

Dövlət borclanmasının 3 milyard manat artırılması ipoteka ilə də bağlı olub | alkredit.az

Oktyabrın 27-də Azərbaycan Prezidenti gözlənilən Fərmanlardan birini verdi. Azərbaycanda ipoteka mexanizmi yenidən işlənəcək.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilir ki, yeni yaradılan ASC istiqraz buraxılışı yolu ilə vəsait cəlb edərək, yaşayış evlərinin alınmasına yönəldəcəkdir. Emissiya ediləcək istiqrazlara isə dövlət zəmanət verəcəkdir. Bunun üçün Maliyyə Nazirliyinə də tapşırıq verilib. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə uzunmüddətli ipoteka istiqrazları bazarının inkişafı və likvidliyinin təmin olunması üçün müvafiq tədbirlər görməlidir.

Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət zəmanətli ipoteka istiqrazlarının emissiyası üçün tələb olunan maliyyə təminatının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1105-IVQ nömrəli Qanununda təsbit edilmiş daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınmasını, növbəti illərin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı müvafiq vəsaitin proqnozlaşdırılmasını təmin etməlidir.

3 MİLYARD MANAT ARTIRILMIŞDI

Əgər xatırlayırsınızsa, ötən ayın sonu Azərbaycanın dövlət daxili borclanmasının yuxarı həddi 1.5 milyard manatdan 4,5 milyard manata qədər artırıldı. Artıq parlament "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində sözügedən dəyişikliyi qəbul edib. İndi məlum olur ki, daxili borlanmanın 3 milyard manat artırılmasının səbəblərindən biri ipoteka kreditləridir.

Fərmanda məlum olur ki, “Azərbaycan İpoteka Fondu” ASC borcu daxili bazardan cəlb edəcəkdir. Çünki daxili dövlət borcu dedikdə, Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc başa düşülür.

İSTİQRAZLAR UZUNMÜDDƏTLİ OLACAQ

Fərmana əsasən Nazirlər Kabineti Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini bir ay müddətində müəyyən etməlidir.

mənbə: marja