Dövriyyədə olan nağd pullar azalıb

Dövriyyədə olan nağd pullar azalıb | alkredit.az

Azərbaycanda dövriyyədə olan nağd pullar azalıb.

Mərkəzi Banka xəbər verir ki, Sentyabrda dövriyyədə olan nağd pulların məbləği 6 milyard 118,5 milyon manatdan 6 milyard 50 milyon manata düşüb.

Bu ilin Yanvar ayının sonunda dövriyyədə olan nağd pulların məbləği 10 milyard 145,3 faiz idi (40,3% azalıb).

BANK EHTİYATLARINDA YENİ REKORD

Dövriyyədə olan nağd pullardan və bank ehtiyatlarından ibarət olan pul bazası 548 milyon manat və ya 8% artaraq 30 Sentyabrda 7 milyard 434,3 milyon manat təşkil edib. Pul bazasının artmasına səbəb, bank ehtiyatlarının 616,2 milyon manat artaraq 762,7 milyon manatdan 1 milyard 378,9 milyon manata çıxması olub. O cümlədən, bank ehtiyatlarından sərbəst bank ehtiyatları 626 milyon manat artaraq Sentyabrın sonunda 1 milyard 331,6 milyon manata çatıb. Bu məbləğlər bank ehtiyatlarında, o cümlədən sərbəst bank ehtiyatlarında tarixi rekord göstəricilərdir.

Bank ehtiyatlarının artması, bankların aktivləri üzrə zərərlərin yaranması riskinin arta biləcəyinə işarə edir. Ehtiyatlar - aktivlər üzrə mümkün zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsaitlərdir. Belə izah etsək, bank tərəfindən aktivləri üzrə hər hansı gecikmə və ya geri qayıtmama ehtimalı (riski) artdığı halda, bankın bu zərərini qarşılamaq məqsədilə ehtiyatlar (rezervlər) ayrılmağa başlayır. Ehtiyatların artması  həm bankın dövriyyəsinə, həm mənfəətinə təsir göstərə bilər.

Mərkəzi Bankın məlumatına görə, Sentyabrda məcburi ehtiyatlar 17,2% azalaraq Avqustun sonundakı 57,1 milyon manatdan 47,3 milyon manata düşüb. Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyatların azalması Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normasının aşağı salınması və banklarda əmanətlərin azalması ilə bağlı ola bilər.

Bu ilin Yanvar ayının sonunda bank ehtiyatları 604,5 milyon manat, sərbəst bank ehtiyatları 462,5 milyon manat, məcburi ehtiyatlar isə 142 milyon manat təşkil edirdi.

Sentyabrda manatla pul bazası 698,3 milyon manat və ya 11% artaraq 6 milyard 352,1 milyon manatdan 7 milyard 50,4 milyon manata qalxıb.

Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 7,5% azalaraq 81,4% təşkil edib. Bu nisbət ilin əvvəlindən bəri 12,9 aşağı düşüb.

Pul bazası dedikdə, pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur. Azərbaycan praktikasında pul kütləsinin 3 növü fərqləndirilir: a) dar mənada pul kütləsi (M1), b) manatla geniş mənada pul kütləsi (M2), c) geniş mənada pul kütləsi (M3).

Azərbaycanda M0, M1, M2 və M3 aqreqatlarından istifadə olunur: M0 = ödəniş vəsaiti kimi ani istifadə olunan pul kütləsinin ən likvid hissəsi, dövriyyədə olan banknot və sikkələrdir. M1 = M0 + tələb olunanadək əmanət və depozitlər; M2 = M1 + müddətli əmanət və depozitlər; M3 = M2 + sərbəst dönərli valyutada əmanət və depozitlərdir.

Pul multiplikatoru - iqtisadiyyatın, xüsusilə də bank sisteminin pul yaratmaq qabiliyyətini xarakterizə edir və geniş mənada pul kütləsinin (M2) manatla pul bazasına nisbəti kimi hesablanır.

Nağdsız pul kütləsi geniş pul kütləsindən (M3) nağd pulun (M0) çıxılması ilə müəyyən olunur.

mənbə:marja