Daha bir bank Mərkəzi Bankdan borc alıb

Daha bir bank Mərkəzi Bankdan borc alıb | alkredit.az

“Dəmir Bank” ASC Mərkəzi Bankdan borc alıb.

Mərkəzi Bank “Dəmir Bank”a auksion əsasında 20 milyon manat vəsait ayırıb.

Qeyd edək ki, Mərkəzi Bank “Bank of Baku”ya, “Bank VTB (AZərbaycan)”a və “Deka Bank”a da vəsait ayırmışdır.

Bir müddət əvvəl işçilərin ixtisarı ilə gündəmdə olan “Dəmir Bank” ASC zərərdən xilas ola bilməsə də, onu 2 dəfə azaltmağı bacarıb.

01.09.2015-ci il tarixinə “Dəmir Bank”ın zərəri 2 milyon 782.36 min manat olub.

8 ayda Bankın cəmi gəlirləri 57,1 milyon manat, o cümlədən faiz gəlirləri 56,46 milyon manat, qeyri-faiz gəlirləri isə 651.4 min manat təşkil edib. Bankın, faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra xalis əməliyyat mənfəəti 12,26 milyon olub. Amma “Dəmir Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 15,13 milyon manat ayırma nəzərdə tutduğundan Bank 2,86 milyon manat vergidən əvvəl zərər edib. Qeyd edək ki, ehtiyatlara ayırmaların böyük məbləğdə olması Bankın problemli kreditlərinin artdığına işarə edir.

“Dəmir Bank” məzənnə dəyişməsi nəticəsində 5 milyon 41 min manat zərər edib və bu da Bankın qeyri-faiz gəlirlərinin aşağı düşməsinə səbəb olub.

Qeyd edək ki, 21 Fevraldakı devalvasiyadan sonra, 01.03.2015-ci il tarixində Bankın zərəri 5 milyon 919 min manat idi. Həmin vaxtdan bəri Bank zərərini 2,1 dəfə azaldıb.

AKTİVLƏRİ AZALIB

Sentyabr ayının əvvəlinə “Dəmir Bank” ASC-nin cəmi aktivləri 446 milyon 991 min manat təşkil edib. Bu, devalvasiyadan sonra, Fevral ayının sonu (480 milyon manat) ilə müqayisədə 7% azdır. Aktivlərin azalmasının əsas səbəbi eyni dövrdə Bankın kredit portfelinin azalmasıdır. Mart-Sentyabr aylarında “DəmirBank”ın kredit portfeli 381 milyon 509 min manatdan 331 milyon 200 min manata düşüb.

Bankın aktivlərinin 52%-i xarici valyutada olub.

ƏHALİ ƏMANƏTLƏRİNİ GERİ GÖTÜRÜR

Sentyabrın əvvəlinə “Dəmir Bank”ın cəmi öhdəlikləri 396 milyon 371 min manat təşkil etmişdir ki, bu da Fevral ayının sonu ilə müqayisədə 8,5% azdır. Öhdəliklərin azalması Bankda depozitlərin azalması ilə bağlıdır. Mart-Sentyabr aylarında Bankda depozitlər 208 milyon 301 min manatdan 162 milyon 786 min manata düşüb. Bankda fiziki şəxslərin müddətli depozitləri (əhalinin əmanətləri) isə 165 milyon 904 min manatdan 138 milyon 452 min manata düşüb.

Bankın öhdəliklərinin 65%-i xarici valyutada olub.

“Dəmir Bank” Sentyabr ayının əvvəlində 50 milyon 619 min manat cəmi kapitala malik olub.

"Dəmir Bank" Azərbaycanın aparıcı banklarından biridir. Hazırda “Dəmir Bank”ın ölkə üzrə 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 20-si isə regionlarda yerləşir.

 

 

mənbə:marja