Dollar gərginliyi: kim haqlıdır?

Dollar gərginliyi: kim haqlıdır? | alkredit.az

Manatın xarici valyutalar qarşısında ucuzlaşdırılmasından sonra bank sektorunda yaranmış gərginlik bu gün də davam edir. Manat ilə kredit verməyi dayandıran, kart məhsulları üzrə xidmətlərini məhdudlaşdıran banklar devalvasiya nəticəsində kreditləri bahalaşmış müştərilərindən borcları geri yığımaqda çətinliklər ilə üzləşiblər.

Devalvasiya ilə, sanki qaş düzəldildiyi yerdə göz çıxardılıb.  90-cı illərin əvvəllərində yalançı banklar əhalini aldatdığından insanların bank sisteminə inamı itmişdi. Son illər bu inam xeyli bərpa olunmuşdu. Bu gün sosial şəbəkələrdə müştərilərin yazdıqlarından bəlli olur ki, yenidən bu inama zərbə dəyib. Manatın ucuzlaşması nəticəsində dollarda borcu olanların ödənişlərinin manat ilə ifadədə 34% artması bankların soyğunçuluğu, quldurluğu kimi başa düşülür.

MÜBAHİSƏLİ MADDƏ

Bir sıra müştərilər hesab edirlər ki, bankların onlardan artıq pul almağa haqları yoxdur. Onlar bu fikirlərini əsaslandırmaq üçün Mülkü Məcəllənin 439.7-ci maddəsini göstərirlər. Mübahisəli olan həmin maddəyə görə, əgər bank ilə müştəri arasında bağlanılmış kredit müqaviləsidə kreditin yeni məzənnə ilə ödəniləcəyi barədə bir qeyd yoxdursa,  xarici valyutada olan kreditlər borc götürülən gün mövcud olmuş məzənnə ilə ödənilməlidir.  Bankların müştərilərə verdikləri cavablardan isə məlum olur ki, onlar müqavilələrdə belə bir bənd nəzərdə tutublar. Bir bankın müqaviləsində bu 7.3-cü, digər bankın müqaviləsində isə 3.7-ci bənddir. Banklar müştərilərinə bu bəndləri göstərərək bildirirlər ki, kredit USD (ABŞ dolları) valyutasında götürüldüyü təqdirdə, ödəniş cari ödəniş günü üçün nəzərdə tutulmuş məzənnə ilə aparılmalıdır.

MÜQAVİLƏDƏ NƏZƏRDƏ TUTUBLAR

Məsələn, ən çox kredit verən banklardan biri olan Unibank “Facebook” səhifəsində müştərilərinin suallarına cavab yazaraq bildirib ki, kredit müqaviləsinin 7.3 bəndində məzənnə dəyişdiyi təqdirdə, ödənişin həmin günün məzənnəsinə əsasən aparılacağı qeyd olunur: “Bəndi təqdim edirik: Bu müqavilə üzrə verilmiş kreditin valyutasının mübadilə məzənnəsinin “Müştəri” üçün əlverişsiz dəyişməsi nəticəsində yarana biləcək maliyyə itkisi riski “Müştəri”nin üzərinə düşür. Bu cür riskin baş verməsi, “Müştəri”ın kredit öhdəliyinin icrasından imtina etməsinə və ya bu öhdəliyin icrasını gecikdirməsinə haqq qazandırmır və heç bir halda Müştərinin kredit öhdəliklərinin yenidən hesablanmasına səbəb ola bilməz”.

Digər ən çox kredit verən banklardan biri olan Bank of Baku isə bildirir ki, kredit USD valyutasındadırsa, USD ilə ödənilməlidir. Borc USD ilə ödənildiyi halda, ödəniş cədvəlinə əsasən ödəniş aparıla bilər. Lakin ödəniş AZN ilə ödənilərsə konvertasiya ödəniş edilən gün üçün elan olunmuş məzənnə ilə aparılır.

“Bank of Baku ilə bağlanmış kredit müqaviləsinin 3.7-maddəsində (əvvəlki tarixdə bağlanmış müqavilələrdə isə 3.8-ci maddədə) əks olunub ki , Bankın ödəniş terminalları və ya ödəniş vasitələri ilə ödəniş zamanı kreditin valyutasından fərqli valyutada ödəniş edilərkən, məbləğin konvertasiyası Bankın müəyyən etdiyi məzənnə əsasında aparılır”,- Bankın “Facebook” səhifəsində sullardan birinə yazdığı cavabında deyilir.

ALİ MƏHKƏMƏNİN HAKİMİ NƏ DEYİB?

Son günlər Ali Məhkəmənin hakiminin Mülkü Məcəllənin 439.7-ci maddəsi barədə şərhi vəziyyəti daha da gərginləşdirib. Hakim Əsəd Mirzəliyevin şərhinə görə, dollarla götürülən kreditlərin aylıq kredit borcu öhdəliyin əmələ gəldiyi vaxt olan məzənnə ilə ödənilməlidir. Öhdəliyin əmələ gəldiyi vaxt müqavilənin bağlandığı, kreditin götürüldüyü vaxt hesab olunur.  Hakim, “tərəflər arasında bağlanan müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa” halını qeyd edərək, bu halda dollarda olan aylıq kredit borcunun köhnə məzənnə ilə  ödənilməli olduğunu bildirib. Yuxarıda qeyd etdik ki, banklar kredit müqavilələrində başqa qaydanı, yəni kreditin yeni məzənnə ilə ödənilməsini nəzərdə tutublar.

“RƏSMİ QƏRAR KİMİ QƏBUL EDİLƏ BİLMƏZ”

Banklar bildirirlər ki, Ali Məhkəmənin hakiminin məsələ ilə əlaqədar şərhi fərdi şərhidir və rəsmi qərar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi məlumatına əsasən, dollarla götürülən kredit ödəniş vaxtı mövcud olan məzənnə ilə qaytarılmalıdır.

KREDİT NƏ ÜÇÜN DOLLAR İLƏ VERİLİB?

Müştərilərin bir narazılığı onlara kreditlərin dollar ilə verilmsidir. Banklar isə bildirirlər ki, müştəriyə kreditin dollar ilə ayrılacağı kredit rəsmiləşdirilən zaman bildirilir. Mərkəzi Bankın tələbinə görə, banklar dollar ilə cəlb etdikləri vəsaitləri kredit şəkildə dollar ilə də ayırmalıdırlar. Bu tələb valyuta riskini aradan qaldırmaq üçün tətbiq edilir. Digər tərəfdən, milli valyutanın ucuzlaşması kredit risklərini artırır. İstər-istəməz xarici valyutada kreditləşmə artdıqda, həmin valyuta ilə krediti götürən şəxsin yarana biləcək neqativ hallar zamanı krediti geri qaytarmaması ehtimalı yüksəlir. Milli valyuta xarici valyutaya qarşı daha çox ucuzlaşarsa, kredit götürən şəxs banka xarici valyutada olan borcunu ödəmək üçün daha çox milli valyuta tapmalı olur.

PROBLEMLİ MÜŞTƏRİLƏR ARTA BİLƏR

Elə sosial şəbəkələrdə yazılanlardan məlum olur ki, bəzi müştərilər 34% artıq pul ödəmək istəmirlər. Müştərilər məhkəməyə müraciət edəcəklərini bildirirlər.

Bu tendensiya yaxşı nəticələr doğurmaya bilər. Artıq problemsiz müştərilərin problemli müştəriyə çevrilməsi təhlükəsi yaranıb. Belə olan halda bankların maliyyə vəziyyəti də xeyli pisləşmiş olar ki, bu da Azərbaycanın maliyyə sistemi üçün arzuolunan hal deyil.

FAİZLƏR AZALDILIB, ÖDƏNİŞ MÜDDƏTİ ARTIRILIR

Banklar müştərilərin manat ilə ifadədə artan kredit yükündən əziyyət çəkməmələri üçün güzəştə getməyə başlayıblar. Dollar ilə kredit borcu olan müştərilər üçün faizlər azaldılır, kreditin ödəniş müddəti isə artırılır.

Məsələn, Unibank kreditin bitmə tarixinə 24 ay və daha az qalan kreditlər üzrə 2%-ədək endirim tətbiq edir. Eyni zamanda, müştəridən və onun borclu qaldığı müddətdən asılı olaraq  kredit müddəti də uzadılır. Bank of Baku da müştəri məmnuniyyətini qorumaq üçün USD valyutasında krediti olan müştərilər üçün güzəşt tətbiq edir. Məsələn, bank 24 ay borcu qalana onu 36 aya ödənilməsini təklif edir. Bundan başqa, “Bank of Baku” tərəfindən müştəridən asılı olaraq kredit faizlərində 2-3%-ədək endirim edilir.

GÜNAHKAR KİMDİR?

Yaranmış vəziyyətdə nə banklar, nə də müştərilər günahkardırlar. Hər iki tərəf devalvasiyadan, yəni manatın xarici valyutalara qarşı ucuzlaşdırılmasından zərər çəkirlər.  Əhali banklara borclu olduğu kimi, banklar da əhaliyə və beynəlxalq təşkilatlara borcludurlar. Banklar kreditlərin böyük bir hissəsini xaricdən cəlb etdikləri kreditlər və əhalidən cəlb edlən əmanətlər hesabına ayırırlar. Banklar xaricdən, həmçinin əhalidən xeyli məbləğdə əmanətləri dollar ilə cəlb ediblər. Bu gün həmin borclar yeni məzənnə ilə qaytarılmalıdır.

MƏZƏNNƏ FƏRQİ BANKLARIN GƏLİRİ DEYİL

Fevral ayının 1-nə olan məlumata görə, banklar əhalidən təkcə xarici valyutada 3,627 milyard dollar (0,7844 məzənnəsi ilə 2 milyard 845 milyon manat) əmanət, xarici banklar və beynəlxalq təşkilatlardan isə 6 milyard 291 milyon dollar (0,7844 məzənnəsi ilə 4 milyard 935,6 milyon manat) kredit cəlb ediblər. Bankların xarici valyutada cəmi borcları 9 milyard 918 milyon dollar (köhnə məzənnə ilə 7,78 manat) təşkil edib. Sadə şəkildə hesablasaq,  bu gün banklar 9 milyard 918 milyon dollar borcu  qaytarmaq üçün 10 milyard 414 milyon manat xərcləməlidirlər (yeni 1 dollar = 1.05 AZN məzənnəsi ilə). Halbuki, Fevraın 1-də 7,78 milyard manata bu qədər dolları almaq mümkün idi. Bu gün isə məbləg nə az, nə çox, düz 2 milyard 634 milyon manat manat artıb. Bu səbəbdən də banklar dollar ilə cəlb etdikləri vəsaitləri dollar ilə də kredit şəkilində ayırıblar. Əgər banklar dollar ilə verdikləri kreditlər üzrə borcları köhnə məzənnə ilə geri alsalar, bu, bankların iflası demək olar. Yəni, müştərilərin hesab etdiyi kimi, bu məzənnə fərqi bankların gəliri deyil. Əksinə banklar kredit faizlərində və kredit müddətində güzəştə getdiklərindən zərər çəkirlər. Çünkü, xarici banklar və əhali onlara güzət vermir, pulun ödəniş vaxtı çatdıqda vəsaitlərini geri tələb edəcəklər.

BANKLAR FÜRSƏTLƏRİ QAÇIRIRLAR

Bankların zərəri bununla bitmir. Hazırda banklar yaranmış vəziyyət ilə bağlı olaraq manat ilə kredit verməyi, kartlar ilə pulu nağdlaşdırmağı dayandırıblar. Mart ayı bayramlar ayıdır. Banklar bu bayramlar ilə əlaqədar kampaniyalar keçirərək dövriyyələrini artırıdılar. Artıq bayramlara az qalmasına baxmayaraq, banklar aktiv kampaniyalar aparmırlar. Təbii ki, ofis, işçi saxlayan və digər sabit xərclərə malik olan bankların belə fürsətləri əldən verməsi onların zərərinədir.

MANAT YENİDƏN UCUZLAŞARSA...

Bu gün bir çox banklar kreditləri yalnız ABŞ dolları ilə verirlər. Eyni zamanda, banklar dollar ilə cəlb edilən əmanətlər üzrə faiz dərəcələrini artırırlar. Əgər yenidən manat ucuzlaşarsa bu günlərdə kredit götürən şəxslər manat ilə daha çox borc qaytarmalı olacaqlar. Bir sözlə, dollarlaşma başlayıb.

Bəlkə də dollarda borcu olan müştərilər öz borclarını ödəyə, banklar da bu vəziyyətdən ziyanla da olsa çıxa biləcəklər. Lakin, insanların banklara qarşı itən inamını bərpa etmək çətin olacaqdır.