Dollarda qazananlar üçün avtomobillər bu qədər ucuz olmamışdı

Dollarda qazananlar üçün avtomobillər bu qədər ucuz olmamışdı | alkredit.az

Bu ilin Fevral ayında həyata keçirilmiş ilk devalvasiyadan sonra, cəmiyyətdə ilin sonunda ikinci devalvasiyanın olacağı,  1 Dolların 1 manat 50 qəpiyə qalxacağı barədə söz-söhbətlər səngimirdi. Bir çoxları isə hesab edirdi ki, ölkədə ikinci devalvasiya yumuşaq həyata keçiriləcəkdir. Lakin tam əksinə oldu, 50%-ə yaxın olan məzənnə dəyişikliyi ictimaiyyəti yenidən şoka saldı.

Qeyd edilməlidir ki, ikinci devalvasiya gözlənildiyindən, bir çox insanlar və şirkətlər pullarını Dollara çevirmiş, banklarda əhalinin əmanətlərinin 70%-i dollarlaşmışdı. Buna görə, əhalinin böyük bir hissəsinin devalvasiyadan statistik qazanclı çıxdığı görünür.  Pulunu vaxtında dollara çevirməyənlər və banklara dollarda kredit borcu olanlar isə uduzan tərəfdir.

Devalvasiyanın ən pis tərəfi idxal məhsullarını bahalaşdırmasıdır. Dolların 50%-ə yaxın qalxması, xaricdən idxal olunan məhsulların müvafiq nisbətdə bahalaşacağı deməkdir. Azərbaycan dərman, siqaret, bir çox ərzaq və qeyri-ərzaq məhsullarını, o cümlədən avtomobilləri xaricdən alır. Bu sektorlarda qiymət artımlarının daha kəskin olması qaçılmaz idi.

AVTOMOBİL SEKTORUNDA VƏZİYYƏT

"Marja"nın məlumatına görə, 21 Dekabrdakı devalvasiyadan sonra avtomobil sektoru bir az fərqli davrandı. Belə ki, Fevral ayındakı devalvasiyadan sonra qiymətlər dolların qalxmasına müvafiq olaraq artırılmışdı. Lakin bir müddət sonra əhalinin alıcılıq qabiliyyəti zəiflədiyindən satışlar azaldı, bəzi markalar yenidən bir az qiymətlərdə endirim etdilər.

Bu dəfə isə rəsmi avtomobil satışı mərkəzlərinin bir çoxu qiymətləri qaldırmadı. Məqsəd, devalvasiyadan əvvəl gətirilmiş avtomobillərin “əridilməsi”dir. Təbii ki, bu salonlar növbəti partiyada gətiriləcək avtomobilləri Dolların yeni məzənnəsi ilə alacaqlarından, bir daha köhnə qiymətlərə sata bilməyəcəklər.

Bir sıra salonlar, xüsusilə lüks avtomobilləri satan rəsmi satış mərkəzləri dərhal satışı dayandıraraq qiymətlərə dəyişiklik etdilər. Zavod ilə nisyə qaydada işləyən və ya avtomobilləri bankdan dollarda götürdüyü kredit hesabına idxal edən salonlar qiymətləri artırmaq məcburiyyətində qaldılar.

QİYMƏTLƏR DOLLARDA AŞAĞI DÜŞÜB

Devalivasiyası nəticəsində avtomobillərin Manatda qiyməti artsa da,  Dollar ilə bu qiymət əvvəlki qiymətlərlə müqayisədə təqribən eynidir, bəzi hallarda isə daha aşağıdır. Məsələn: Jeep Grand Cherokee modelinin qiyməti hal-hazırda 58.000 manat təşkil edir. Bu günkü məzənnə ilə, bu, 37.500 dollar edir. Halbuki, cəmi 1 həftə əvvəl dollar ekvivalentində bu avtomobil 48.000 dollara satılırdı. Əvvəlcədən pulunu dollara çevirmiş və məzənnə dəyişikliyi nəticəsində dollarda gəliri olan alıcılar üçün, bu, çox böyük fürsətdir. Çünki bu avtomobil heç vaxt bu qədər ucuz olmayıb və heç vaxt bundan ucuz olmayacaq.  Bir müddət əvvəl Jeep Grand Cherokee modelini  48.000 dollara almağı planlaşdıran alıcı, bu gün onu 10.500 dollar qənaət edərək ala bilər.

Dodge Durango modelinin qiyməti isə indi 55.900 manatdır. Bu qiyməti dollara çevirsək 35.300 dollar edir. Devalvasiyadan əvvəl bu modelin qiyməti dollarla 47.500 dollar idi.

Hyundai markasında da anoloji vəziyyətdir. Belə ki, Hyundai Santa Fe modeli də təqribən 7000 dollar ucuzlaşıb. 21 Dekabrdan əvvəl 39.900 manata və ya 38.000 dollara olan tam təchizatlı Santa Fe modeli  indi 49.000 manat olmasına baxmayaraq bu qiymət dollarla 30.600 dollar təşkil edir.

Hazırda tam yeni Tucson modelinin qiyməti 36.900 manat (23.000 dollar) olduğu halda, devalvasiyadan öncə bu avtomobilin qiyməti 27.900 manat, yəni 26.500 dollar idi.

Əvəllər 23800 manata olan (22.600 dollar) olan Hyundai Elantra modeli, indi 27.900 manat olmasına baxmayaraq dollar ekvivalentində 5000 dollar ucuzlaşmışdır (17.400 dollar olub).

DOLLAR BİR AZ DA QALXA BİLƏR

Əlavə edək ki, dollar 47,6% bahalaşsa da, yeni avtomobillərin qiymətləri 20-35% artırılıb. Qiymət artırımının Dolların bahalaşmasından az olması həmin avtomobillərin devalvasiyadan öncə ölkəyə gətirilməsidir. Gələn ildən isə, bütün modellərdə ən azı 35-50% qiymət artımının olacağı ehtimal olunur. Yaddan çıxardılmamalıdır ki, neftin ucuzlaşması davam edir və buna bağlı olaraq Manatın Dollar qarşısında 2 manata qədər ucuzlaşa biləcəyi gözləniləndir. Belə olan halda, avtomobilləri hazırkı qiymətlər ilə də almayanlar “yanacaqlar”.

DƏBDƏBƏLİ ƏŞYALARDAN ƏLAVƏ GÖMRÜK RÜSUMU ALINACAQ

Digər tərəfdən, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov hökumətin dəbdəbəli məhsulların idxalından əlavə gömrük rüsumları almağa hazırlaşdığını bəyan edib. Məqsəd zinət əşyaları, avtomobil kimi bir çox idxal məhsullarını daha bahalı edərək idxalını mədudlaşdırmaq və bu yolla ölkədən valyutanın çıxmasını azaltmaqdır. Əgər hökumət gələn il bu barədə qərarını verərsə, avtomobillər daha da bahalaşacaqdır.

Qısası, yaranmış vəziyyət, həm də fürsətdir. Əlində dolları olanlar avtomobil arzusunu gerçəyə çevirə bilərlər. Gözləmək isə, arzunun arzu kimi qalması ilə nəticələnə bilər.

 

 

mənbə:marja