Ev - torpaq almaq istəyənlərin nəzərinə – ƏMLAK KOMİTƏSİNDƏN YENİLİK

Ev - torpaq almaq istəyənlərin nəzərinə – ƏMLAK KOMİTƏSİNDƏN YENİLİK | alkredit.az

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkə vətəndaşları, xüsusilə də əmlak sahibləri üçün çox mühüm və faydalı yenilik edib. Bu gündən etibarən Komitə vətəndaşlara pulsuz hüquqi məsləhətlər göstərməyə başlayır. Komitədən fins.az-a verilən məlumata görə, indiyədək ƏMDK daşınmaz əmlakın qeydiyatı, eləcə də bu sahədə digər xidmətlərin sadələşdirilməsi ilə bağlı çoxsaylı yeniliklər edib. Bura «mobil ofis» xidmətləri, «kütləvi çıxarış» kampaniyaları, elektron xidmətlər və başqa yeniliklər aiddir.

Komitədən pulsuz hüquqi məsləhət

Növbəti yenilik də ölkədəki əmlak sahiblərinin ən böyük ehtiyac duyduğu məsələyə aiddir. Belə ki, komitədən bildirilir ki, vətəndaşların əksəriyyəti əmlak qanunvericiliyi, daşınmaz əmlakın qeydiyyatı prosedurları və bunun üçün tələb olunan sənədlər barədə lazımi məlumata sahib deyillər: «Nəticədə, əmlakın qeydiyyatı və alqa-satqısı üçün hansı sənədlərin tələb olunduğunu və onların hansı qurumlar tərəfindən verildiyini bilmirlər. Buna görə də, bəzən öz əmlaklarının qeydiyyatı zamanı problemlərlə üzləşirlər».

Bu problemləri həll etmək üçün ƏMDK əmlak sahibləri üçün hüquqi məsləhət xidmətinə start verib. Xidmət çərçivəsində istənilən şəxs ƏMDK-nin ərazi qeydiyyat idarələrinə müraciət edərək öz əmlakı, onunla aparmaq istədiyi əməliyyat, əmlakın qeydiyyatı və sait xidmətlərlə bağlı suallar verə bilər. Komitənin əməkdaşları isə vətəndaşlara bütün bu məsələlərin həllində yardım edəcəklər. Əslində vətəndaşlar əmlakın qeydiyyatı ilə bağlı hüquqi məsələlər barədə ƏMDK-ya indiyədək də müraciət edib cavab ala bilirdilər. Amma indiki yenilik isə həmin xidmətdən kökündən fərqlənir. Belə ki, əmlakını qeydiyyata aldırmaq istəyən şəxs komitəyə müraciət edərək bunun üçün tələb olunan sənədlərin siyahısını dəqiqləşdirərkən, komitə əməkdaşları, həmin şəxsə tələb olunan sənədlərin siyahısını iah etməklə yanaşı, həm də həmin sənədlərin hansı qurumlar tərəfindən, necə əldə edilməsi barədə də məsləhətlər verəcəklər. «Əməkdaşlarımız bu prosesdə axıradək vətəndaşların yanında olacaq və sənəddərin toplanaraq təqdim edilməsinə kömək göstərəcəklər. Toplanan sənədlər əsasında isə əmlakın qeydiyyatı həyata keçiriləcək»-deyə komitədən bildirilib.

«Torpağın sənədlərini göstərin, deyək qanunidir, ya yox»

Amma komitənin bu xidməti təkcə əmlakını qeydiyyatdan keçirmək istəyən vətəndaşlara aid deyil. Yeni əmlak almaq istəyən və onun sənədlərinin nə qədər qaydasındı olub-olmadığını bilmək istəyən şəxslər də ƏMDK-nin ərazi idarələrinə müraciət edə bilərlər. «Bəzən vətəndaşlar sənədləri qaydasında olmayan, sonadək sənədləşdirilməmiş və bununla bağlı problemləri olan əmlakları alırlar. Belə əmlakların sənədlərində problem olduğuna görə, sonradan onların sənədləşdirilməsi və vətəndaşın adına keçirilməsi sahəsində problemlər yaranır»-deyə komitədən bildirilib. Xüsusilə belə hallar torpaq sahələri və qanunsuz obyektlərlə bağlı olur. Vətəndaşlar bəzən yaşayış təyinatlı olmayan, mühafizə ərazilərində (yəni tikinti işlərinin aparılması qadağan edilmiş ərazilərdə) yerləşən torpaq sahələri alırlar: «Amma sonradan burada tikinti aparmaq istəyərkən və ya buradakı tikililərin qeydiyyatı  zamanı problemlərlə üzləşirlər. Nəticədə hətta bəzi hallarda  belə şəxslərlə komitə arasında mübahisələr və anlaşılmazlıqlar olur». Belə halların qarşısının vaxtındı alınması və vətəndaşların gələcəkdə problemlərlə üzləşməməsi üçün komitə qanunsuz sənədlərlə bağlı vətəndaşlara məsləhətlər verməyə başlayıb. İndi istənilən şəxs almaq istədiyi torpaq sahəsi və ya digər əmlakla bağlı sənədləri komitəyə təqdim edərək onun nə dərəcədə qanuni olduğunu, gələcəkdə, burada tikinti işlərinin aparılmasının mümkünlüyü barədə məlumat ala biləcək.

ƏMDK-dən bildirilib ki, b yenilik əhalinin əmlakın qeydiyyatı sahəsində maariflənməsinə və məlumatlılığının artması ilə yanaşı, əmlakın qeydiyyatının da sürətlənməsinə və leqal əmlak dövriyyəsinin böyüməsinə imkan verəcək.

mənbə:fins.az