Fermerlər ilkin mərhələdə sığortaya şübhə ilə yanaşacaqlar

Fermerlər ilkin mərhələdə sığortaya şübhə ilə yanaşacaqlar | alkredit.az

Bu gün Bakıda keçirilən “Azərbaycanda  kənd təsərrüfatı sığortası mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda təlimdə Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Azərbaycan üzrə Daimi Nünayəndəsi Aliyə Əzimova bildirib  ki, kənd təsərrüfatında sığorta kredit təşkilatları və sığorta şirkətləri üçün yeni imkanlar açır.

“Kredit təşkilatları üçün sığortanın faydalı tərəfi budur ki, sığorta fermerlərin kreditlərini qaytarması üçün təminatlardan biridir. Öz növbəsində kənd təsərrüfatı sığortası sığorta şirkətlərinə əlavə gəlir gətirə bilər, yığılan sığorta haqlarının ümumi məbləğini artıra bilərlər.”

Aliyə Əzimova qeyd edib ki, fermerlər ilkin mərhələdə bu alətə şübhə ilə yanaşırlar:

“Digər ölkələrin təcrübəsi göstərir ki, fermerlər zərərlərin sığorta şirkətləri tərəfindən qarşılanmasını və sistemin şəffaf işləməsini müşahidə etdikdən sonra sığortadan geniş istifadə etməyə başlayırlar. Həmçinin sığorta ilə asan kredit aldıqlarını hiss etdikcə sığortaya maraq daha da artır”.

Aliyə Əzimova əlavə edib ki, Azərbaycanda aqro-biznesin inkişafı üçün ən böyük maneə maliyyəyə çıxışın zəyif olmasıdır.

Onun sözlərinə görə, bu məsələ pis hava şəraitinin məhsula təsir etməsi və nəticədə fermerin kredit borcunu ödəyə bilməməsi faktı ilə daha da qəlizləşir. Quraqlıq kimi pis hava şəraiti kənd təsərrüfatının bir çox hissəsinə də təsir edə bilər. Məhsuldarlıqda olan itki bu sektora kredit verən banklar üçün qeyri-işlək kreditləri artıra bilər.

“Məhsul sığortası kənd təsərrüfatı məhsulları ilə bağlı olan riskləri azaltmaq üçün yaradılmış vasitəsir. Hava ilə bağlı olan itkilərin qarşısını almaq üçün fermer kredit borcunu qaytarmaq üçün gücünü artıra bilər. Yaxşı kənd təsərrüfatı sığortası sistemi kənd-şəhər miqrasiyasını azalda, istehsalçıların kredit çıxışlarını artıra və fermer təsərrüfatlarının iflas riskini azalda bilər. Səmərəli kənd təsərrüfatı sığortası sistemi hökumətə kənd təsərrüfatı üçün sabitliyi təmin etməyə və maliyyəyə çıxışa təkan verməyə kömək edə bilər”.

mənbə:marja