İpotekada “orta bazar qiyməti” tələbi

İpotekada orta bazar qiyməti tələbi | alkredit.az

Bir çox Azərbaycan vətəndaşı hökumətin yeni ipoteka şərtlərini açıqlamasını və tətbiqinə başlamasını səbirsizliklə gözləyir. Oktyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev bu istiqamətdə bir fərman - “Azərbaycan İpoteka Fondu”  Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzaladı. Bu fərman ilə ipoteka kreditləşməsinin bəzi mexanizmləri müəyyən edilib.

Fərmanda diqqəti çəkən “orta bazar qiyməti” anlayışıdır. Bu anlayışa toxunmadan öncə qeyd edək ki,  yenidən geniş şəkildə, daha böyük məbləğdə  ipoteka kreditlərinin verilməsinin mənzil qiymətlərini artıracağı söylənilirdi. Ekspertlər iddia edirlər ki, vaxtilə maksimal 50 min manat müəyyən edilmiş ipoteka məbləği bu gün mənzil qiymətləri ilə uyğun gəlmir. Normal sahəsi olan mənzilin qiyməti 75-80 min manatdan yuxarıdır. Gözlənilir ki, yeni ipoteka şərtlərində maksimal məbləğ 2 dəfə atırılaraq 50 min manatdan 100 min manata qaldırılacaqdır. Lakin ehtimal olunur ki, "mənzillərə tələb artıb" adı ilə evlərin qiymətləri süni şəkildə artırılacaq və bir müddət sonra da 100 min manata mənzil almaq mümkün olmaya bilər. Məhz bu məqam hökumətin də diqqətindən qaçmayıb.

Bu ehtimal əsas götürülərək “orta bazar qiyməti” üsulu tətbiq ediləcəkdir. Fərmanda qeyd olunur ki, Azərbaycan İpoteka Fondu ASC-nin  ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilə bilər.

Yəni,  hökumət orta bazar qiymətinin müəyyən edilməsi qaydasını təsdiq edəcəkdir. Həmin qaydaya əsasən, hər bir şəhər və rayon zonalara bölünəcək və hər bir zonanın orta qiyməti müəyyən ediləcəkdir. Məsələn, Nizami rayonu, Qara Qarayev metrosu ətrafı zonasında mənzillərin 1 kvadrat metri üçün orta bazar qiyməti 900 manat müəyyən ediləcəkdir. İpoteka krediti, 1 kvadrat metrinin qiyməti bu orta qiymətdən (900 manatdan) yüksək olan mənzillərin alınmasına verilməyəcədir. Belə deyək, siz 1 m2-i 920 manat olan mənzili seçsəniz dövlətdən ipoteka götürə bilməyəcəksiniz. “Orta bazar qiyməti” süni qiymət artımının qarşısının alınması baxımından doğru tətbiq hesab edilə bilər. Çünki tikinti şirkətlərinin sahibləri mənzilləri satmaq üçün qiymətin 900 manatdan aşağı olmasına çalışacaqlar və beləliklə, qiymətləri “tələb var” adı altında qaldıra bilməyəcəklər.

“Marja” xəbər verir ki, Fərmanda digər diqqəti çəkən bir yenilik, ipoteka kreditinin çoxmənzilli binalardakı yalnız təmir edilmiş mənzillərə görə verilməsidir. Eyni zamanda çomənzilli bina Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş olmalıdır, yəni qanunsuz tikinti olmamalıdır.

QANUNSUZ BİNALAR QANUNİ OLA BİLƏR

Həmçinin fərmanda hazırda qanunsuz hesab edilən binaların qanuni edilməsi üçün tapşırıq verilib.

Nazirlər Kabinetinə çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

FƏRDİ EVLƏRİ DƏ İPOTEKA İLƏ ALMAQ OLACAQ

İpoteka kreditini fərdi evlərin alınması üçün də götürmək olacaqdır. Bir şərtlə ki, həmin ev məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış ev olsun. Yəni, evin düzgün sənədləri olmalıdır.

BİR AYDAN SONRA ŞƏRTLƏR DƏYİŞƏCƏK

Bir çoxlarını yeni ipoteka şərtlərinin necə olacağı da maraqlandırır.

Fərman ilə Nazirlər Kabinetinə, “Azərbaycan İpoteka Fondu” nun vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etmək tapşırılıb. Qeyd edək ki, artıq bu qaydaların hazır olduğu hökumət tərəfindən bəyan edilib. Həm maksimal illik faiz dərəcəsinin, ilkin ödənişin aşağı salınacağı və maksimal  məbləğin 2 dəfə artırılacağı gözlənilir.

MƏNZİL HƏRRACA ÇIXARDILACAQ

Fərmanda ipoteka krediti üzrə bocun qaytarılmaması halında necə addım atılacağı barədə də bənd verilib. Belə hallarda mənzilin hərraca çıxardılılaraq satılması planlaşdırılır. Nazirlər Kapinetinə, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tələbin yönəldilməsi mexanizminin, o cümlədən hərracların keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

İSTİQRAZ BURAXILARAQ BORC ALINACAQ

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilir ki, yeni yaradılan ASC istiqraz buraxılışı yolu ilə vəsait cəlb edərək, yaşayış evlərinin alınmasına yönəldəcəkdir. Emissiya ediləcək istiqrazlara isə dövlət zəmanət verəcəkdir. Bunun üçün Maliyyə Nazirliyinə də tapşırıq verilib. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə birlikdə uzunmüddətli ipoteka istiqrazları bazarının inkişafı və likvidliyinin təmin olunması üçün müvafiq tədbirlər görməlidir.

Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət zəmanətli ipoteka istiqrazlarının emissiyası üçün tələb olunan maliyyə təminatının “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1105-IVQ nömrəli Qanununda təsbit edilmiş daxili dövlət borclanmasının yuxarı həddində (limitində) nəzərə alınmasını, növbəti illərin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı müvafiq vəsaitin proqnozlaşdırılmasını təmin etməlidir.

3 MİLYARD MANAT ARTIRILMIŞDI

Əgər xatırlayırsınızsa, ötən ayın sonu Azərbaycanın dövlət daxili borclanmasının yuxarı həddi 1.5 milyard manatdan 4,5 milyard manata qədər artırıldı. Artıq parlament "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində sözügedən dəyişikliyi qəbul edib. İndi məlum olur ki, daxili borlanmanın 3 milyard manat artırılmasının səbəblərindən biri ipoteka kreditləridir.

Fərmanda məlum olur ki, “Azərbaycan İpoteka Fondu” ASC borcu daxili bazardan cəlb edəcəkdir. Çünki daxili dövlət borcu dedikdə, Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc başa düşülür.

İSTİQRAZLAR UZUNMÜDDƏTLİ OLACAQ

Fərmana əsasən Nazirlər Kabineti Cəmiyyətin uzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin verilməsi şərtlərini və mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini bir ay müddətində müəyyən etməlidir.

mənbə:marja