İslam əmanətinə maraq artıb

İslam əmanətinə maraq artıb | alkredit.az

Əhali arasında əmanətlərini İslam qaydalarına uyğun yerləşdirmək istəyənlərin sayı artmaqdadır.

Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin yaydığı məlumata görə, insanlar İslam bankçılığı çərçivəsində xidmət və məhsullara böyük maraq göstərirlər.

“Bizə müraciət edənlərin sayı günbəgün artır. 2014-cü il ərzində əhalinin İslam qaydaları əsasında banka qoyduğu əmanətlərinin həcmi 10 dəfəyə qədər artıb”.

Azərbaycan Beynəlxalq Bankı islam bankçılığının “Vakala” adlı əmanət məhsulunu təklif edir. 

Müştəri, vəsaitlərini “Vakala” əmanət hesabında yerləşdirdikdə, həmin vəsaitlərin yalnız İslam qanunvericiliyinə cavab verən bank əməliyyatlarında istifadə olunması üçün Bank vəkil təyin olunur. Bu əməliyyatlara “icarə” – islam lizinqi, islam bank kartları və bir sıra investisiya layihələri daxildir.

ABB-nin İslam bankçılığı departamenti 3500 müştəriyə xidmət göstərir. Departamentin Sumqayıt, Gəncə və Lənkəranda şöbələri açılmışdır.

“İCARƏ” MƏHSULU İLƏ İPOTEKA

ABB-nin İslam bankçılığı departamenti  MDB məkanında   ilk olaraq pərakəndə İslam maliyyələşdirilməsinə başlamışdır: “Biz yeni bank kartları, kredit məhsulları, o cümlədən ipoteka kreditləşdirilməsini tətbiq etmişik. İslam bankçılığı departamenti hazırda  müştərilərinə 10% ilkin ödənişlə, 15 il müddətinə “İcarə” məhsulu vasitəsilə mənzil əldə etmə proqramını da təklif edir”.

AKTİVLƏRİ YARIM MİLYARD MANATI ÖTÜB

Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam bankçılığını regionda ilk tətbiq edən bankdır. Bankın İslam bankçılığı departamenti  2013-cü ilin aprel ayından xidmət göstərməyə başlayıb.

Ötən ilin sonuna ABB-nin İslam bankçılığı üzrə aktivlərinin həcmi  526 milyon ABŞ dolları səviyyəsində olmuşdur.