İstehlak kreditləri əmlakın tikintisinə və alınmasına verilən kreditlər ilə artır

İstehlak kreditləri əmlakın tikintisinə və alınmasına verilən kreditlər ilə artır | alkredit.az

Dekabrda Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər əmlakın tikintisinə və alınmasına verilən kreditlər ilə kəskin artıb. Nəticədə də, ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 44%-ə çıxıb.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 2014-cü ildə ev təsərrüfatlarına verilən kreditlərin xüsusi çəkisi 3,7 faiz bəndi artıb.

31 Dekabr 2014-cü il tarixinə ev təsərrüfatlarına verilən kreditlərin məbləği 7 milyard 731,8 milyon manat təşkil etmişdir ki, bu da 2013-cü illə müqayisədə 1 mlyard 517,1 milyon manat və ya 24,4% çoxdur.

Ev təsərrüfatlarına verilən kreditlərin artmasına əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlərin artması da təsir göstərib. Ötən il, bu kreditlər 328,3 milyon manat artıb. Bu artımın 219,4 milyon manatı ilin son 3 ayında baş verib. Təkcə noyabrda əmlakın tikintisinə və alınmasına verilən kreditlər 123,8 milyon manat, dekabrda isə 57,1 milyon manat artmışdır.

ƏN YÜKSƏK AYLIQ ARTIM

Ötən ilin dekabr ayında ev təsərrüfatlarına verilən kreditlər 203,7 milyon manat artıb və artımın 57,1 milyon manatı əmlakın tikintisinə və alınmasına verilən kreditlər ilə bağlı olub. Bu artım 2014-cü ildə ən yüksək aylıq artım olub. Belə ki, ev təsərrüfatların verilən kreditlər Yanvarda 92,6 milyon manat, Fevralda 72,5 milyon manat, Martda 78,7 milyon manat, Apreldə 152,4 milyon manat, Mayda 130,7 milyon manat, İyunda 78,3 milyon manat, İyulda 166,2 milyon manat, Avqustda 116,8 milyon manat, Sentyabrda 150,4 milyon manat, Oktyabrda 130,4 milyon manat, Noyabrda isə 144,3 milyon manat artmışdı.

Dekabrda əmlakın tikintisinə və alınmasına verilən kreditlər xaric ev təsərrüfatlarına verilən kreditlər 146,6 milyon manat artıb.

ARTIM TEMPİ 2 DƏFƏYƏ YAXIN AŞAĞI DÜŞÜB

Mərkəzi Bankın istehlak kreditlərinin verilməsini sərtləşdirilməsi ilə bağlı qərarları ev təsərrüfatlarına verilən kreditlərin artım tempini aşağı salıb. Belə ki, 2013-cü ildə bu kreditlər 2012-ci illə müqayisədə 1 milyard 898 milyon manat və ya 44% artmışdı. Faiz ifadəsində 2014-dəki 24,4%-lik artım, 2013-cü ildə olduğundan (44%) təxminən 2 dəfə aşağıdır.

KREDİT QOYULUŞLARI 20%-dən ÇOX ARTIB

2014-cü ildə Azərbaycanda iqtisadiyyata kredit qoyuluşları 3 milyard 119,7 milyon manat və ya 20,2% artaraq ilin sonunda 18 milyard 542,6 milyon manat çatıb.