Kredit Reyestrinə müraciətlərin sayı 1,4 dəfə artıb

Kredit Reyestrinə müraciətlərin sayı 1,4 dəfə artıb | alkredit.az

2014-cü ildə Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) göndərilən sorğuların sayı 3 mln. 243,077 min təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 40,6% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

AMB-nin məlumatına görə, 2014-cü ildə bank və bank olmayan kredit təşkilatları (BOKT) MKR-ə 3 mln. 165,519 min sorğu (artım 37,5%) göndərib.

Bundan başqa, hesabat dövründə 77,558 min fiziki şəxs öz kredit hesabatı haqqında məlumat almaq üçün reyestrə sorğular göndərib.

2015-ci il yanvarın 1-nə MKR-də 2 mln. 316,540 min borcalan (2014-cü il yanvarın 1-nə olan göstərici ilə müqayisədə artım 18,6%), 8 mln. 977,859 min kredit (artım 37,6%) haqqında məlumat var.

Cari ilin əvvəlinə reyestrdə kreditlər üzrə 1 mln. 78,807 min zamin (artım 29%) haqqında məlumat saxlanılır.

Mərkəzləşdirilmiş Kredit Reyestri Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. MKR-in əsas məqsədi bankların və bank olmayan kredit təşkilatlarının cari və potensial borcalanlarının ödəmə qabiliyyəti haqqında məlumatlar almaq, borcalanların icra intizamını və borcalma nüfuzunun qorunmasını təşviq etmək, habelə bankların və BOKT-lərin kredit risklərini azaltmaq məqsədi daşıyır. MKR 2009-cu ilin sentyabr ayından yeni formatda fəaliyyət göstərməyə başlayıb.