Kreditlərdə köhnə məzənnə tətbiq olunarsa banklarda problem, müştərilərdə narazıçılıq yarana bilər

Kreditlərdə köhnə məzənnə tətbiq olunarsa banklarda problem, müştərilərdə narazıçılıq yarana bilər | alkredit.az

“AGBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Əfqan Cəlilov hesab edir ki, dollarda olan kreditlərin köhnə məzənnə ilə və ya mövcud məzənnədən aşağı bir məzənnə ilə ödənilməsi bir sıra bankların məcmu kapitalının mənfiyə düşməsinə səbəb ola bilər.

“Bu zaman sual yaranır, bəs o bankların öhdəliklərini (borcların) kim yerinə yetirəcəkdir? Son nəticədə əgər banklarda problem yaranacaqsa, yenə bunun yükünü dövlət çəkəcəkdir. Dövlət vəziyyəti pisləşən banka ya maliyyə yardımı göstərməli, ya da müflis elan edilərək Əmanətlərin Sığortalanması Fondu vasitəsilə əmanətçilərə kompensasiya ödəməlidir”,- deyə bildirib. Belə ki, Fondun vəsaiti çatmadıqda, vəsait yenə də ya Mərkəzi Bank tərəfindən ya da ki Maliyyə Nazirliyi tərəfindən ayrılacaq.

“BU ADAMLAR DÜŞÜNMÜRLƏR Kİ....”

Əfqan Cəlilov qeyd edib ki, ən münasib yol xarici valyutada olan kreditlərin mövcud məzənnə ilə ödənilməsidir. Banklar, müştərilərin borcu üzrə faiz dərəcəsi yüksək olduğu halda, faizi aşağı salıb və müddətini uzadıb möhlət verə bilərlər ki, artıq bunu da bir çox banklar edib:

“Mediada tez-tez kreditlərin silinməsi, bankların belə kreditləri öz vəsaitləri hesablarına bağışlamaları, müştərilərə qarşı çox qəddar olduqları barədə populist çıxışları oxuyuram. Bu adamlar düşünmürlər ki, özünün bankda əmanəti olsa və sabah onu ala bilməsə nə deyərlər?! Bank ona görə krediti vaxtında ödəməyən müştəriyə qarşı “qəddardır” ki, öz pulunu deyil, əmanətçinin pulunu götrüb ona geri qaytarmalıdır. Bankın funksiyası bundan ibarətdir, bank kreditə verdiyi pulları kimdənsə cəlb edib. Tutaq ki, Samir adlı bir şəxs bizim banka 20 min dollar depozit yerləşdirmişdir. Biz axı Samir bəyə deyə bilmərik ki, “Siz depozit yerləşdirən zaman məzənnə 0,78 manat idi, gəlin indi sizə depozitinizi 0,78 ilə də qaytaraq”. Axı hazırda məzənnə 1.55-dir. Samir bəy depozitini 0,78 məzənnəsi ilə geri almağa razı olmayacaqdır. Buna görə, kredit götürülən zaman məzənnənin 0,78 və ya 1.05 manat olmasından asılı olmayaraq borc 1.55 ilə qaytarılmalıdır. Çünki bank aradakı fərqi əmanətçiyə ödəyəcəkdir. Əgər kredit götürən bu fərqi ödəməsə, bəs bank bu fərqi əmanətçiyə nə ilə qaytarmalıdır?”

“BELƏ GÜZƏŞTLƏRİN EDİLMƏSİ ƏDALƏTSİZ QƏRAR OLA BİLƏR”

Əfqan Cəlilov qeyd edib ki, kreditlərdə məzənnə güzəştinin edilməsi ədalətsiz bir qərar ola bilər:

“Tutaq ki, hansısa müştəri xarici valyutada olan borcunu yeni məzənnə ilə ödəyib bağlayıb. Bir qrup müştərilər isə borcunu ödəməkdən yayınır və kiminsə onun borcunu ödəyəcəyini və ya siləcəyini gözləyir. Əgər borcun köhnə məzənnə ilə ödənilməsi barədə qərar çıxarsa, bu zaman borcunu bağlamış müştərilər banka gəlib fərqi geri istəyəcəklər. Bunu tənzimləmək çətin olacaqdır. Həmçinin deyirlər ki, 5000 dollardək olan kreditlərə güzəşt tətbiq edilsin. Burada da suallar həddindən artıq çoxdur. Birinci və əsas sual “mənbə”. Yaranan fərq hansı mənbə hesabına bağlanacaq? İkinci sual, Tutaq ki, mən bankdan 100 min dollar kredit götürmüşəm və borcumu ödəmişəm qalıb 4999 dollar. Onda mənə də güzəşt düşməlidir?! Əgər düşmürsə, onda etiraz ola bilər ki, nə üçün 2000-3000 dollar kredit borcu olanlara güzəşt edilir? ”

“MƏCBUR İDİK”

Bankların nə üçün daha çox dollarda kredit verdiklərinə toxunan Əfqan Cəlilov dedi:

“Bundan öncə qeyd etdiyim kimi, banklar əsasən əhalidən cəlb etdiyi vəsaitləri yerləşdirirlər. Əhalinin əmanətlərinin valyuta strukturuna diqqət yetirsək, aydın görünər ki, son zamanlar əhali manatdan çox xarici valyutaya etibar ediblər. Digər mənbə, banklar xarici maliyyə institutlarınadan vəsait cəlb edirdilər ki, bu vəsait də təbii ki, xarici valyutada cəlb olunurdu. Göründüyü kimi, bankların manatla vəsait cəlb etmək imkanları əhəmiyyətli dərəcədə məhdud idi. Bank dollarda cəlb etdiyi vəsaiti manatla kredit şəkilində ayırsaydı, valyuta riskinə məruz qala bilərdi. Yəni bank, öz aktivlərini cəlb etdiyi vəsaitlərə uyğun strukturda yerləşdirməyə məcburdur”.

“AGBank”ın sədri əlavə edib ki, son vaxtlar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tətbiq edilən qaydalar gələcəkdə belə mənfi halların baş verməsinin qarşısını alacaqdır:

“Xarici valyuta istehlak kreditlərinin və pensiyaçılara kreditlərin ayrılmasının məhdudlaşdırılması gələcəkdə yarana biləcək mənfi halların qarşısını alacaqdır. Bu növ kreditlər orta statistik olaraq 2 il müddətinə ayrılır. Təbii ki, bu müddət ərzində iqtisadiyyatda kifayyət qədər dəyişikliklər baş verə bilər, o cümlədən məzənnə ilə bağlı. Hesab edirəm ki, Palatanın bu qərarı, xarici valyutada gəlir mənbəyi olmayan istehlakçını gələcəkdə valyuta riskindən qorumaq baxımından qabaqlayıcı addımdır və bu yalnız müsbət qarşılanmalıdır".

mənbə:marja