“Mərkəzi Bank” haqqında qanun dəyişdirildi

Mərkəzi Bank haqqında qanun dəyişdirildi | alkredit.az

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mərkəzi Bank” haqqında qanun layihəsinə dəyişikliklər müzakirə edilib.

Qanun layihəsi haqqında məlumat İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanuna dəyişiklik edilməsində məqsəd Mərkəzi Bankın itirilmiş valyuta ehtiyatlarının bərpası ilə əlaqədardır: “Bundan sonra Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Eyni zamanda xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunacaq”.

Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc bildirib ki, Mərkəzi Bankın aprel ayında açıqladığı göstəricilər sübut edir ki, müəyyən mənada aktivliyi təmin etmək üçün tədbirlər görülməsinə ehtiyac var: “Mərkəzi Bankın ehtiyatlarının 1,3 milyard manat azalması sübut edir ki, maliyyə bazarına dövlət tərəfindən müdaxilə hər kəsin marağındadır. Bank sahəsindəki sabitlik həm də vətəndaşların xeyrinədir. Bizim həyata keçirəcəyimiz bu yeni dəyişikliklər də AMB-nin resurslarının genişlənməsinə imkan verəcək”.

Z. Oruc sonra son günlər ölkədə iş adamlarının həbs edilməsi barədə də danışıb. Onun fikrincə, iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım olaraq qiymətləndiririk: “Bu məsələ ətrafında ajiotaj yaradılması başa düşülən deyil. Sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələr tərəfindən sanksiyalar tətbiq edilir. Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalırdı. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər. Ölkə rəhbəri dünən bir daha qeyd etdi ki, biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, qanun qarşısında öhdəliklər yerinə yetirilsin”.

Spiker Oqtay Əsədov deputata cavabında isə bildirib ki, ajiotaj yaradanların kimlər olduğu bilinir: “Azərbaycanda olan hər bir şeyə ajiotaj yaradılır. Siz heç nəyə görə narahat olmayın. Azərbaycanda dövlət orqanları var və onlar bununla bağlı lazimi tədbirlər görür”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.