Mərkəzi Bankdan manatın dəyişməsi barədə AÇIQLAMA

Mərkəzi Bankdan manatın dəyişməsi barədə AÇIQLAMA | alkredit.az

“Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycanda yeni əskinasların dövriyyəyə buraxılması ilə bağlı yayılan məlumatlar yanlışdır”.

Bunu Mərkəzi Bankın mətbuat xidmətindən bildiriblər. Bankdan verilən açıqlamada qeyd edilir ki, bənzər xəbər bir neçə il öncə də yayılmışdı. “O zaman da biz açıqlama verərək bunun tamamilə yanlış olduğunu vurğulamışdıq. İndi bir-bir həmin dizaynları yenidən yaymaqda nə məqsəd var, anlamırıq. Hələlik əskinasların dizaynının yenilənməsi gözlənilmir”.

Əgər belə hal olarsa, ilk öncə Mərkəzi Bankın özünün məlumat yayacağı bildirilib.

Bir neçə gündür, sosial şəbəkələrdə əskinasların yeni görüntüləri və onların yaxın günlərdə dövriyyəyə buraxılması ilə bağlı xəbərlər yayılıb.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki dəfə valyuta dəyişikliyi yaşayıb. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılıb, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşıb. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Azərbaycan respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka mənsubdur.

Zamanla xarici ölkələrdə də bu cür dəyişikliklər müşahidə edilir. Bundan başqa, bəzi ölkələr əskinasını saxtakarlıqdan qorumaq və müdafiə etmək üçün yenilərini buraxırlar.

Məsələn, 2003-cü ildə ABŞ-da 100 dollar nominalında yenilənmiş əskinaslar dövriyyəyə buraxılıb. Əskinasların hazırlanmasında saxtalaşdırmadan qorumaq üçün yeni, daha mükəmməl texnologiyalardan istifadə olunub. Belə ki, əskinasın üzərində göy 3D – xətt, böyük 100 rəqəmi və mürəkkəbqabı, onun da üzərində rəngi dəyişən “azadlıq zəngi” yerləşdirilib.

Çin Xalq Respublikasında bu ilin noyabrında dövriyyəyə yeni 100 yuanlıq əskinaslar buraxılıb. Çin Xalq Bankının məlumatına görə, yeni əskinaslar əvvəlkindən daha böyük müdafiə qabiliyyətinin olmasına görə fərqlənir. anspress