Mərkəzi Bankdan Manata dəstək - depozit faizləri artacaq

Mərkəzi Bankdan Manata dəstək - depozit faizləri artacaq | alkredit.az

Mərkəzi Bankın faizləri artırmsı Manatı bahalaşdıra, həmçinin depozit faizlərinin artmasına gətirib çıxarda bilər.

Milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək, eləcə də pul bazarında formalaşmış konyunktura uyğun olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsinə şərait yaratmaq üçün Mərkəzi Bankın İdarə Heyəti 15 fevral 2016-cı il tarixindən uçot dərəcəsini 5% (əvvəlki 3%), likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2% (əvvəlki 0,1%), yuxarı həddini isə 10% (əvvəlki 5 %)səviyyəsində müəyyən etmək barədə qərar qəbul etmişdir. Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib.

BƏS UÇOT DƏRƏCƏSİ NƏDİR? FAİZLƏRİN QALDIRIMASI NƏ İLƏ NƏTİCƏLƏNƏ BİLƏR?

Uçot dərəcəsi (faiz dərəcəsi) pulun dəyəri rolunu oynayır. Pula olan tələb də faiz dərəcəsindən asılı olaraq dəyişir. Məsələn, faiz dərəcələri azaldığı zaman kreditlərə tələb artır, insanların banklara əmanət qoymaq meyli isə azalır. Bu zaman iqtisadi subyektlər daha çox kredit almağa meyl göstərirlər, əllərində olan nağd pulu isə banklarda aşağı faizlərlə saxlamaqdansa xərcləməyə çalışırlar. Nəticədə məcmu tələb artır ki, bu da həm iqtisadi artıma və məşğulluğa, həm də inflyasiyaya artırıcı təsir göstərir.

Faiz dərəcələri artdıqda isə kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyli güclənir. Çünki, əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kreditlər alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.

Yenidən maliyyələşmə – Mərkəzi Bank tərəfindən digər kommersiya banklarının kreditlə təmin edilməsidir. Mərkəzi Banklar kommersiya banklarını və digər kredit təşkilatlarını kreditlə təmin edir, həmin kredit müəssisələri isə öz növbəsində adi vətəndaşlara (fiziki şəxslərə) və müxtəlif firma və təşkilatlara (hüquqi şəxslərə) kreditlər ayırırlar.

Yenidən maliyyələşdirmə dərəcəsinin bizim ölkədəki rəsmi adı “uçot dərəcəsidir”. Yəni Azərbaycanda Mərkəzi Bank kredit təşkilatlarına kreditləri məhz bu faiz dərəcəsi ilə verir. Hazırda həmin rəqəm 5%-dir.

Uçot dərəcəsi –Mərkəzi Bankın kommersiya banklarına verdiyi borclar üzrə faiz dərəcəsidir.

Baxmayaraq ki, kommersiya bankları ölkənin başlıca kreditorlarıdır və onlar biznes kompaniyalarına və fərdi şəxslərə müəyyən şərtlərlə borc verməklə məşğuldur, eyni zamanda onlar kredit üçün mərkəzi banka müraciət etdikdə həm də borcalan-banklara çevrilirlər.

Bazar iqtisadiyyatının hökm sürdüyü ölkələrinin əksəriyyətinin qanunvericiliyinə əsasən, mərkəzi bankın inzibatı qaydada bu uçot dərəcəsini dəyişmək hüququ vardır. İqtisadi konyunkturada baş verən dəyişikliklərə reaksiya olaraq, mərkəzi bank uçot dərəcəsini həm azalda, həm də artıra müvafiq olaraq, pul təklifini də artırıb, azalda bilər.

1.Uçot dərəcəsini aşağı saldıqda kommersiya bankları tərəfindən mərkəzi bankın pullarına olan tələbi artır, kommersiya bankları daha çox pul götürməyə çalışır ki, bunun sayəsində də onların maliyyə imkanları böyüyür.

2.Uçot dərəcəsi qalxdıqda isə kommersiya banlarda əks reaksiya müşahidə olunur: mərkəzi bankın kreditlərinə tələbat aşağı düşür və bankların maliyyə imkanları məhdudlaşır.

İNFLYASİYA AŞAĞI DÜŞƏ BİLƏR

Bazar iqtisadiyyatı praktikasında və nəzəriyyəsində mərkəzi bank tərəfindən uçot dərəcəsinin dəyişdirilməsi, uçot dərəcəsinin artırılması və azaldılması “bahalı”“ucuz” pul siyasəti adlanır.

  1. “Bahalı” pul siyasəti (uçot dərəcəsi yüksəldilir) mərkəzi bank tərəfindən inflyasiyanı azaltmaq lazım olduğu təqdirdə həyata keçirilir. Uçot dərəcəsinin yüksəldilməsi kommersiya banklarının kredit əldə etmək istəyini azaldır, bununla da ölkədəki pul təklifini azaldır. Bundan əlavə yüksək uçot dərəcəsinin təsiri altında kommersiya bankları müxtəlif korporativ və fərdi müştərilərə təklif etdiyi kreditlərin faiz dərəcələrini də yüksəldirlər. Bunun nəticəsində isə ucuz kredit əldə etmək imkanından məhrum olan bir sıra kompaniyalar istehsalı azaldırlar.“Bahalı” pullar siyasəti həyata keçirməklə hökumət istehsalın aşağı düşməsi və işsizliyin artımı sayəsində inflyasiya templərinin aşağı düşməsinə nail olur.
  2. “Ucuz” pullar siyasəti (uçot dərəcəsi salınır) hökumət tərəfindən o təqdirdə keçirilir ki, istehsalın düşməsinin qarşısını almaq və müəssislərə dəstək olmaq tələb olunur, xüsusən də strukturlu yenidən qurma mərhələləri zamanı. Bunun nəticəsində isə iqtisadiyyatın pulla “doldurulması” baş verir ki, bu da inflyasiya ilə nəticələnə bilər. Buna görə də “ucuz” pullar siyasətini həm də “inflyasiya kreditləşmə siyasəti” də adlandırırlar.

İSTEHSAL VƏ MƏŞĞULLUQ AŞAĞI DÜŞƏ BİLƏR

Beləliklə, uçot dərəcəsinin tənzimlənməsi normasının iqtisadi nəticəsi ikili təsirə malikdir. Uçot dərəcəsinin artırılması inflyasiya ilə mübarizədə ən güclü tədbirlərdən biridir, amma eyni zamanda o, istehsalatın aşağı düşməsinə, işsizliyin və cəmiyyətdə sosial gərginliyin artmasına səbəb olur. Uçot dərəcəsinin aşağı salınması böhrandan qurtulmağa kömək edir, amma eyni zamanda inflyasiyanın artımı ilə nəticələnir. Hər bir konkret halda ölkə rəhbərliyi, bu və ya digər iqtisadi proqramı həyata keçirməklə, qarşıya qoyulmuş iqtisadi hədəflərə nail olmaq naminə“nəyi qurban etmək istədiyinə” özü qərar verir. Bir qayda olaraq bu “qurban” istehsalat və məşğulluq olur. Əksər hallarda “bahalı pullar” siyasəti həyata keçirilir.

Mərkəzi Bankın faizlərin artırılması barədə qərarı Manatı bahalaşdıra bilər. Adətən mərkəzi banklar faizləri artırdıqda milli valyuta bahalaşır.

mənbə:marja