Maliyyə Nazirliyi: 2016-cı ilin büdcə layihəsilə bağlı məlumatlar gələn həftə açıqlanacaq

Maliyyə Nazirliyi: 2016-cı ilin büdcə layihəsilə bağlı məlumatlar gələn həftə açıqlanacaq | alkredit.az

Son günlər bəzi kütləvi informasiya vasitələrində guya 2016-cı ilin dövlət büdcəsinin göstəricilərinin gizli saxlanılması ilə bağlı xəbərlər dərc olunub.

Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin açıqlanmasının gecikməsi və ya gizli saxlanılmasına dair bəzi qəzetlərdə və internet saytlarında yazılanlara münasibət bildirib.

M. Piriyev bildirib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və büdcənin tərtibi prosesinin təqviminə uyğun olaraq 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri vaxtından xeyli əvvəl hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunub: “Sentyabrın 1-də büdcə zərfinə daxil olan sənədlər toplusu Baş nazir Artur Rəsizadənin sədrliyi ilə Nazirlər Kabinetində geniş müzakirə olunaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib. Növbəti həftə isə 2016-ci ilin dövlət və icmal büdcələrinin layihələri üzrə təqdimat hər il olduğu kimi, Milli Məclisə təqdim olunmamışdan əvvəl Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilərək ictimaiyyətə təqdim olunacaq. Ona görə, bu kimi reallıqdan uzaq, qərəzli şayiələrin yayılması ən azı təəccüb doğurur”.

M. Piriyev bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin 2015-ci il noyabrın 1-ə təyin edildiyini nəzərə alaraq, bu il dövlət büdcəsinin layihəsinin parlamentin müzakirəsinə vaxtından əvvəl təqdim olunması da istisna olunmur.

mənbə:marja