Muğanbank “Energocredit” layihəsini təqdim etdi

Muğanbank Energocredit layihəsini təqdim etdi | alkredit.az

“Muğanbank” ASC-nin baş ofisində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Qafqazda Enerjiyə Qənaət Proqramı”nın bir hissəsi olan “Energocredit” layihəsinin təqdimatı keçirilib.

Qeyd edək ki,   AYİB Azərbaycanda enerjiyə qənaət və ya bərpa olunan enerji layihələrinə sərmayə qoymaq niyyətində olan bütün Azərbaycan sahibkarları üçün, eləcə də fiziki şəxslər üçün kredit vəsaitlərinin ayrılmasını nəzərdə tutmuşdur.

Bankdan daxil olmuş məlumata görə, layihənin təqdimat mərasimində müxtəlif sahələrdən olan sahibkarlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və media nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan “Muğanbank” ASC-nin Marketinq departamentinin direktoru Rəşad Alıyev qonaqları salamlayaraq, bankın tarixi, təklif etdiyi məhsullar, əldə etdiyi naliyyətlər haqqında qonaqlara qısa məlumat verdi.

Sonra söz “Energocredit”in beynəlxalq layihə rəhbəri Andreas Karnera verildi. A.Karner qonaqlara layihə haqqında ətraflı məlumat verib, onları   maraqlandıran sualları cavablandırdı.

Daha sonra “Muğanbank” ASC-nin  İdarə Heyətinin üzvü Samir İsmayılov   “Energocredit” layihəsi çərçivəsində veriləcək kreditlərin şərtlərini qonaqların nəzərinə çatdırıb.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda bankın ölkə ərazisində 44 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.