“Nağdsız ödənişlərin təşviqində maraqlıyıq”

Nağdsız ödənişlərin təşviqində maraqlıyıq | alkredit.az

Azərbaycanda nağdsız ödənişlərin vergi güzəştləri ilə təşviq edilməsinə başlanıla bilər.

bu gün “Azərbaycanda vergi sistemi: reallıqlar perspektivlər” mövzusunda 4-cü Vergi Forumu öz işinə başlayıb. Forumun açılışında çıxış edən vergilər naziri Fazil Məmmədov, “Vergi xidməti nağdsız ödənişlərin təşviqi prosesində maraqlıdır” deyə bildirib.

“ARTIQ ZƏMİN YARANIB”

“Bu məqsədlə son bir neçə ildə nağdsız ödənişlər üçün müvafiq infrastrukturun yaradılması, bu sahədə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilmişdir. Hazırda ölkəmizdə 6 milyona yaxın ödəniş kartının olması, 82 mindən çox POS-terminalın quraşdırılması nağdsız ödənişlərin genişləndirilməsi üçün zəmin yaradır və hesab edirik ki, yaxın vaxtlarda biz bu işlərin nəticələrini görəcəyik”,- nazir qeyd edib.

DÜNYA TƏCRÜBƏSİ

Qeyd edək ki, dünyanın bir sıra ölkələrində  nağdsız ödənişlər vergi güzəştlərinin verilməsi yolu ilə təşviq edilir. Belə ki, həm satıcılara, həm də alıcılara POS-terminallardan keçən əməliyyatlar üzrə vergi güzəştləri verilir.  Bəzi ölkələrdə POS-terminal ilə keçən əməliyyatlar üzrə ballar yığılır və sonra bu balların fiziki şəxslərin digər vergiləri ilə əvəzləşdirilməsi və güzəştlərin alınması mümkündür.