Neft Fondunun vəziyyəti məlum oldu - 23,2 milyard gəlir

Neft Fondunun vəziyyəti məlum oldu - 23,2 milyard gəlir | alkredit.az

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2015-ci il ərzində Neft Fondunun büdcə gəlirləri 7 milyard  721,1 milyon manat, büdcə xərcləri isə 9 milyard 187,7 milyon manat təşkil etmişdir.

2015-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 385,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard  369,6 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 11,6 milyon manat təşkil etmişdir.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 335,6 milyon manata bərabər olmuşdur.

DEVALVASİYADAN 23,3 MİLYARD MANAT QAZANIB

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 23 milyard 217,8 milyon manat təşkil etmişdir.

Hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 8 milyard 130,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90,0 milyon manat, "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 61,5 milyon manat vəsait ayrılmışdır. 35,5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 692,8 milyon manat vəsait ayrılmışdır.  2015-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil etmişdir.

AKTİVLƏRİ 9,5% AZALIB

2016-cı il yanvarın 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 milyard 104,1 milyon ABŞ dolları) nisbətən 9,5% azalaraq 33 milyard 574,1 milyon ABŞ dollarına bərabər olmuşdur.