Nikoil” Bankın sədri son vəziyyəti qiymətləndirdi

Nikoil Bankın sədri son vəziyyəti qiymətləndirdi | alkredit.az

Bankın sədri mövcud vəziyyət və Bankın gələcək planları barədə önəmli açıqlamalar verib.

Manatın devalvasiyasına toxunmuş Vasili Xamaza bildirib ki,  bununla əlaqədar müştərilər üçün bir sıra güzəştli məhsullar hazırlanıb.

“Bir sıra güzəştli məhsullar hazırlanır. Biz dövlət ipoteka proqramı üzrə kreditləşməni, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə biznes kreditləşməsini fəal şəkildə davam etdiririk”, - deyə V.Xamaza bildirib.

V.Xamaza çıxışı zamanı bildirib ki, “Nikoil” İKB ABŞ dolları ilə kredit alan və vaxtı ötmüş borcları 30 günü ötməyən müştərilərə faiz dərəcəsi, əlavə komissiyalar və ödənişlər, o cümlədən sığorta ödənişlərinin artımı olmadan kreditin qalan müddətinin 40% artımını təklif edir. Bu, borcalanın aylıq ödəniş məbləğini kifayət qədər azaldacaq”.

Onun sözlərinə görə, bu aksiya həm istehlak, həm də biznes kredit alanlar üçün nəzərdə tutulub. “Beləliklə, mart ayının əvvəlindən 2,6 mln. manatdan artıq məbləğdə 411 kreditin vaxtı uzadılıb”, - deyə o bəyan edib.

V.Xamaza vurğulayıb ki, bank fiziki şəxslərin əmanətləri üzrə faiz dərəcələrini artırıb, fiziki şəxslər üçün yeni “Vergisiz” depozit məhsulu yaradıb. Bu məhsula əsasən müştərinin gəliri dəyişməz qalır və bank müştərinin vergilərinin ödənilməsini öz üzərinə götürür. “Depozitlərin sığortalanan hissəsinin 12%-dək artırılması ilə əlaqədar bank depozitlər üzrə şərtlərinə təkrar baxıb və əmanətin müddətindən asılı olmayaraq faiz dərəcələrini 12%-dək artırıb”, - deyə o bildirib.

Onun sözlərinə görə, əmanətlərin əlavə edilən faizlər itmədən xarici valyutaya çevrilməsi aksiyası artıq bir aydır davam edir və beləliklə 9,2 mln. manat məbləğində əmanət konvertasiya edilib.

5 MİLYON MANAT KREDİT CƏLB EDƏCƏK

Vasili Xamaza söyləyib ki, “Nikoil” İnvestisiya Kommersiya Bankı manatın devalvasiyası ilə əlaqədar azalmış kapitallaşmanı bərpa etmək üçün 5 mln. manat məbləğində subordinasiya krediti cəlb edəcək.

Nikoil Bankın sədri son vəziyyəti qiymətləndirdi | alkredit.az

“Manatın devalvasiyası (2015-ci ilin fevral ayında 33,5%) nəticəsində bizim kapitalımızda müəyyən azalma və zərər oldu. Hazırda bankın məcmu kapitalı 46 mln. manat təşkil edir ki, bu da AMB-nin müəyyən etdiyi minimal kapitala dair tələbdən 4 mln. manat azdır. Bu çatışmazlığı aradan qaldırmaq üçün bankın səhmdarları 5 mln. manat məbləğində subordinasiya krediti cəlb etmək barədə qərar qəbul edəcəklər

Onun sözlərinə görə, bankın səhmdarları yaranmış vəziyyətə operativ reaksiya göstəriblər.

“Prinsip etibarilə AMB bizə bir il ərzində kapitalı artırmaq və açıq valyuta mövqeyini tələb olunan minimal səviyyəyə çatdırmaq üçün vaxt verib. Lakin səhmdarlar bu müddətin sona çatmasını gözləmədilər və dəymiş zərərin yerini dərhal dolduracaqlar”,- deyə o qeyd edib.

V.Xamaza vurğulayıb ki, banklar və müştərilər manatın devalvasiyası nəticəsində çətin vəziyyətə düşdülər. Azərbaycanın bütün bank sektoru bu və ya digər dərəcədə zərərə uğrayıb, lakin ən ağır zərbə bankın müştərilərinə dəyib.

Bununla yanaşı, o əlavə edib ki, “Nikoil” İKB-nin müştəriləri manatla qoyulmuş əmanət və depozitlərini dollara konvertasiya etmək istəyərkən heç bir problem yaşamayıblar.

İSLAM MALİYYƏLƏŞDİRMƏSİ ÇƏRÇİVƏSİNDƏ 10 MİLYON DOLLAR CƏLB EDƏCƏK

İdarə Heyətinin sədri   məlumat verib ki, “Nikoil” İnvestisiya Kommersiya Bankı 2015-ci ildə islam maliyyələşdirilməsi çərçivəsində  10 milyon dollar cəlb etməyi planlaşdırır:

“Bu yaxınlarda bankın İdarə Heyətinin sədr müavini Bəhreyndə olub, həmçinin Yəmən nümayəndələri ilə danışıqlar aparıb. O, dəstək alıb, buna görə də mənə belə gəlir ki, yaxın aylarda biz islam maliyyələşdirilməsi qanunları ilə resurslar cəlb edəcəyik. Bu, investisiyaların, o cümlədən, ilk növbədə lizinq istiqamətində investisiyaların həcmini artırmağa imkan verəcək. Biz investorların müsbət qiymətləndirməsini gördük. Bizim təklif etdiyimiz layihələr, ilk növbədə lizinq, tikinti və investisiya layihələri bəyənilib”.

Onun sözlərinə görə, Yəməndən bir, Bəhreyndən isə iki investorla danışıqlar aparılır.

“Bizim islam bankinqi üzrə portfelimiz kiçikdir. İslamın tələblərinə cavab verən məhsul bizdə 2008-ci ildə yaranıb. Biz Şərqdə onu müvafiq qaydada ilk sertifikatlaşdıran banklardan biriyik. Lakin bazardan hər hansı cavab reaksiyası görmədiyimiz üçün bu sahəyə fəal şəkildə əmanətlər qoymadıq. Əmanətlərin həcmi çox deyil, təxminən 200 min manatdır”, - deyə V.Xamaza bildirib.

Bununla yanaşı, o söyləyib ki, əgər bank əvvəllər islam bankinqi sahəsində əmanətlərlə bağlı sahəni inkişaf etdirirdisə, indi investisiya layihələrinə üstünlük verəcək.

“Nikoil” İKB Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın səhmdarları “Topaz Investment”, “NİKoil” SC və “İSR Holding”dir.