PAŞA Bank ASC-nin aktivləri artır.

PAŞA Bank ASC-nin aktivləri artır. | alkredit.az

Azərbaycanın aparıcı korporativ bankı olan “PAŞA Bank” ASC-nin aktivləri artır. Bankın cari ilin 2-ci rübündə maliyyə vəziyyətini xeyli yaxşılaşdırıb.

2015-ci ilin birinci yarısında ötən ilin sonu ilə müqayisədə Bankın aktivləri 356,6 milyon manat və ya 27,7% artaraq 1 milyard 644 milyon 469 min manata çatıb. Qeyd edək ki, ötən ilin sonunda PAŞA Bankın aktivləri 1 milyard 287 milyon 904 min manat məbləğində idi.

PAŞA Bankın cəmi aktivləri, 2015-ci ilin ikinci rübündə (aprel-iyun) birinci rübün sonu ilə müqayisədə 262,8 milyon manat və ya 19% artıb.

Birinci yarımildə Bankın aktivlərinin artımının 73%-i 2-ci rübdə reallaşıb.

Bankın aktivlərinin artmasının əsas səbəblərindən biri Bankın ticarət üçün qiymətli kağızlara investisiyalarının 5 dəfədən çox  artmasıdır. Bankın 31 Mart 2015-ci il tarixinə qiymətli kağızlara investisiyası 59,06 milyon manat olmuşdursa, 30 İyun 2015-ci il tarixində 305,5 milyon manata çıxıb.

PAŞA Bankın aktivlərinin artmasının digər bir səbəbi kredit portfelinin artmasıdır. Belə ki, birinci rübdə PAŞA Bankın kredit portfeli 98,56 milyon manat və ya 18,2% artaraq 641,5 milyon manata yüksəlib.

Yanvar - İyun aylarında, Bankın kreditlər üzrə yaradılmış məqsədli ehtiyatları 19,3 milyon manatdan 35,6 milyon manata artıb.

DEPOZİTLƏR ARTIB

30 İyun 2015-ci il tarixinə PAŞA Bankda depozitlər 952,04  milyon manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 294,6 milyon manat və ya 44,8% çoxdur. Depozitlərdəki artımın 257,6 milyon manatı və ya 87,5%-i ilin ikinci rübündə baş verib.

PAŞA Bankda depozitlərin artmasına fiziki və hüquqi şəxslərin faizsiz tələbli  və  müddətli depozitlərinin artması səbəb olub.

Cari ilin birinci rübünün sonunda PAŞA Bankın cəmi öhdəlikləri 1 milyard 288 milyon 900 min manat olmuşdur.

GƏLİRLƏRİ ARTIB

Yanvar-iyun aylarında PAŞA Bankın cəmi gəlirləri 44,65 milyon manat, o cümlədən faiz gəlirləri 40,12 milyon manat,  qeyri-faiz gəlirləri isə 4,53 milyon manat olub.

PAŞA Bank 44,65 milyon manat gəliri əldə etmək üçün 24,89 milyon manat xərc çəkib. Nəticədə bankın əməliyyat mənfəəti 19,759 milyon manat olub. PAŞA Bank bu məbləğin 19,589 milyon manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Nəticədə də, bankın 171 min manat vergidən əvvəlki mənfəəti qalıb. 1 milyon 44 min manat mənfəət vegisi ödənildiyindən Bankın 6 ayda 873 min manatlıq zərəri yaranıb.

Qeyd edək ki, birinci yarımildə  mənfəətinin olmaması, Bankın kreditlərin gecikməsi və ya geri qaytarılmaması ehtimalına qarşı ehtiyatlarını artırması ilə bağlıdır. Halbuki, bankın cəmi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə artmışdır. Belə ki, PAŞA Bank 2014-cü ilin yanvar-iyun aylarında 34,91 milyon manat cəmi gəlir əldə etmişdi. Ötən ilin qeyd olunan dövrü ilə müqayisədə bu il Bankın cəmi gəliləri 28% artıb.

Qeyd edək ki, 2015-ci ilin birinci yarısında PAŞA Bankın cəmi gəlirləri 14,7 milyon manat təşkil etmişdi. Bank 19,4 milyon manat faiz gəliri əldə etmiş, qeyri-faiz əməliyyatları üzrə 4,7 milyon manat zərərə düşmüşdü. Buna səbəb isə məzənnə dəyişməsi (devalvasiya) olmuşdu. Bank birinci yarımildəki 4,65 milyon manatlıq cəmi gəlirlərinin 25,25 milyon manatını və ya 56,5%-ni ilin ikinci rübündə əldə edib.

30 İyun 2015-ci il tarixinə PAŞA Bankın cəmi kapitalı 355 milyon 568 min manat, o cümlədən nizamnamə kapitalı 333 milyon manat təşkil edib.

mənbə:marja