“PAŞA Həyat” “Asan İmza” xidmətini tətbiq edən ilk sığorta şirkəti oldu

PAŞA Həyat Asan İmza xidmətini tətbiq edən ilk sığorta şirkəti oldu | alkredit.az

“PAŞA Həyat Sığorta” sığorta şirkətləri sırasında ilk olaraq “Asan İmza” - mobil elektron imza xidmətinin tətbiqinə başlayıb.



Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AzərTAc-a verilən məlumata görə, mövcud müvafiq e-xidmətlə yanaşı, fiziki və korporativ müştərilər yeni mobil elektron imza xidmətindən istifadə etməklə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə rahat və təhlükəsiz şəkildə yeni sığorta şəhadətnamələri əldə edə, həmçinin mövcud müqavilələri yenilənməsinə dair əməliyyatlar apara bilərlər. Maraqlananlar “Asan İmza” mobil elektron imza xidmətindən istifadə etmək üçün “PAŞA Həyat”ın rəsmi veb səhifəsində  elektron xidmətlər bölməsinə müraciət edə bilərlər.



Qeyd edək ki, “Asan İmza” mobil elektron imza – mobil telefonu rəqəmsal şəxsiyyət vəsiqəsi və imza vasitəsi kimi istifadə etməyə imkan verən texnologiyadır. “Asan İmza” texnologiyasının əsas cəhəti smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir. “Asan İmza” mobil elektron imza sistemində istifadə olunan autentifikasiya və elektron imza sertifikatları Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən təqdim edilir.©azertag