Pensiya sistemi ciddi maliyyə çatışmazlığı ilə üzləşə bilər

Pensiya sistemi ciddi maliyyə çatışmazlığı ilə üzləşə bilər | alkredit.az

“Aparılan aktuar tədqiqatlar göstərir ki, hazırda Azərbaycanın sığorta – pensiya sistemi maliyyə dayanıqlığı ilə seçilsə də, perspektiv dövrdə biz sığorta prinsiplərini daha da dərinləşdirməsək ciddi maliyyə problemləri ilə üzləşə bilərik”.

Bunu jurnalistlərə Dövlət Sosial Sığorta Fondunun sədri Elman Mehdiyev bildirib.

“Bu daha çox özünü, dövlətin öhdəliklərinin sığorta-pensiya sisteminin öhdəliklərini fərqləndirilməsi zərurətində göstərir. Biz bunu dəfələrlə qeyd etmişik ki, bu gün Azərbaycanın pensiya-sığorta sistemi bir çox sosial sığortaya əsaslanmayan xərcləri qarşılayır, hansı ki, bu vəsaitlər toplanan sosial sığorta və fərdi hesabların nəticələrinə görə xərclənməlidir. Bu gün unutmamalıyıq ki, sosial sığorta haqqı ödəyiciləri müəyyən alqoritm əsasında, müəyyən zaman keçdikdən sonra bu vəsaitlərin arxasınca gələrək öz pensiyalarını tələb edəcəklər. Amm biz bu gün bu məbləğləri dövlətin qəbul etdiyi qərarlar nəticəsində əhalinin pensiya təminatına yönəldirik. Bura 1992-cı ilə qədər təyin olunmuş pensiyalar,  həmçinin imtiyazlı kateqoriyaya pensiyadan əlavə qulluq stajına görə verilən əlavələr və s. aiddir. Bunların heç birinin sosial sığortalanma, bu gün ödənilən və fərdi hesablarda qeydiyyata alınan vəsaitlər ilə əlaqəsi yoxdur. Amma biz həmin məbləğləri toplanan sosial sığorta haqları hesabına maliyyələşdiririk.   Dövlət büdcəsindən ayrılan transfertlər ilə xərclərin maliyyə yükü arasında ciddi fərq var. Bu o deməkdir ki, gələcəkdə bu tendensiya davam edərsə Azərbaycanın pensiya sistemi müəyyən maliyyə çatışmazlığı ilə üzləşə bilər.

Elman Mehdiyev qeyd edib ki,  digər bir problem daha çox sosial sığorta haqqı ödəyən insanların ödədiyi vəsaitin az sosial sığorta haqqı ödəyən insanların təminatına yönəldilməsi problemidir:

“Bu gün ödənilən sosial sığorta haqqının 50%-i fərdi hesablarda qeydiyyata alınır, 50%-i isə ümumi istifadədə saxlanılaraq aşağı sosial sığorta haqqı ödəyən insanların təminatına yönəldilir. Aşağı sosial sığorta haqqı ödəyən insanlar daha çox özünəməşğul əhalidir, torpaq mülkiyyəti olan insanlardır. Bunlar muzdla çalışan işçilər ilə müqayisədə ən azı 15 dəfə aşağı vəsait ödəyirlər, amma onlar ilə bərabər maddi təminatlar əldə edirlər. Bu bir tərəfdən yüksək sosial sığorta haqqı ödəyən insanların marağını azaldır, onlar əmək haqlarının tam leqallaşdırılmasında, sosial sığorta haqlarının vaxtı-vaxtında ödənilməsində maraq nümayiş etdirmirlər. Bizim aktuar tədqiqatlar göstərir ki, aşağı sosial sığorta haqqı ödəyən insanlara daha çox məbləğlərin vəd edilməsi tendensiyası davam edərsə Sosial Müdafiə Fondu gələcəkdə çox ciddi maliyyə çatışmazlığı ilə üzləşə bilər”.

 

 

mənbə:marja