Pul maşını işə salınacaq?

Pul maşını işə salınacaq? | alkredit.az

Milli Məclisdə qəbubl edilən yeni qanuna görə, 2015-ci ilin dövlət büdcəsində xarici dövlət borclanmasının yuxarı həddi 1,5 milyard manatdan 4,5 milyard manata artırılır. Verilən məlumatlara görə, hökumət daxili borcu istiqraz buraxılışı yolu ilə Mərkəzi Bankdan cəlb edəcək. Bu xəbər ictimaiyyətin böyük marağına səbəb olub.

“Mərkəzi Bank dövlət qiymətli kağızlarını hansı vəsaitlər hesabına alacaqdır?”, “İstiqrazların alınması ilə dövriyyəyə əlavə 4,5 milyard manatın daxil olması inflyasiyanın həddindən çox yüksəlməsi təzyiqi yarada bilərmi?”, “Bu prosesi monetar stimullaşdırmanın (Quantitative Easing) başlaması kimi başa düşmək olar?” yaranan suallardan bir neçəsidir.

Yuxarıda qeyd olunan suallar ilə Mərkəzi Bana sorğu göndərilmişdi. Sorğuya cavab olaraq bildirildi ki, “pul və maliyyə siyasətinin əsas istiqamətləri dəqiqləşdirildikdən sonra Mərkəzi Bank bu barədə ictimaiyyətə bəyanat formasında geniş açıqlama təqdim edəcəkdir”.

PUL TƏKLİFİNİN MÜASİR YOLUDUR

“Quantitative Easing” (kvontitətiv izinq-Kəmiyyət yumuşaldılması, monetar təşviq, monetar genişlənmə) dövriyyəyə pul buraxmağın müasir bir yoludur.

Faiz dərəcələrinin aşağı salınması işə yaramadığı zaman mərkəzi banklar “Quantitative Easing”ə əl atırlar. Bu zaman Mərkəzi Bank dövlətin, bankların və şirkətlərin istiqrazlarını alaraq dövriyyəyə əlavə pul buraxır.

Texnologiya şirkətlərinə  böyük marağın yaratdığı “dot-com köpüyü”nün 2001-ci ildə partlamasından sonra, bu model  Yaponiya tərəfindən istifadə edilməyə başlanılmışdır. Modelin müvəffəqiyyətinə dair şübhələr olsa da, deflyasiya və bank sektorunda böhranının daha çox dərinləşməsinə mane olması modelə inamı artırmışdır.

Maliyyə böhranı nəticəsində uçurumun kənarına gələn banklar, maliyyə aktivlərini mərkəzi banklarına satırlar. Bu maliyyə aktivləri - ipoteka kağızları, korporativ istiqrazlar, müştərilərin kredit borcları və digər hər növ balans aktiv ola bilər.

Eyni zamanda, mərkəzi banklar  “Monetar təşviq” planı çərçivəsində dövlət istiqrazlarını açıq bazar əməliyyatlarında alır və hökuməti yardım paketində istifadə edəcəyi vəsait ilə təmin edir.

Bu əməliyyat ikitərəfli təsir yaradaraq bazarı rahatlaşdırır. Bu, bir tərəfdən banklara aktivlərini  likvidə çevirərək fəaliyyətlərini davam etdirmək imkanı verir. Likvidliyi artan banklar təkrar kredit verməyə başlayırlar.  Bankların təkrar kredit verməyə başlaması ilə şirkətlər və insanlar  xərcləmələrini yenidən artırırlar və beləliklə, tələb artdığından iqtisadiyyat canlanmağa başlayır. Şirkətlərin sifarişləri artdığından yeni işçilər cəlb edilərək istehsal artırılır.

Yuxarıda qeyd etdiyimiz kimi,  mərkəzi banklar bu modelin tətbiqinə  faiz dərəcələrinin aşağı salınması işə yaramadığı üçün ehtiyac duyurlar. Məsələn, iqtisadiyyatın normal artdığı dövrlərdə, faiz dərəcələrinin mərkəzi banklar tərəfindən 1% endirilməsi, tələbdə müəyyən artıma səbəb olur. Faiz dərəcələrinin enməsi, əmanət hesablarından əldə edilən faiz gəlirlərinin düşməsinə səbəb olduğundan, insanlar pulu yığmaq yerinə xərcləmənin daha ağıllı olduğunu düşünürlər və xərcləmələrini artırırlar.

Faiz dərəcələrinin endirilməsi inflyasiyanın aşağı düşməsinin  qarşısını almaq üçün tətbiq olunan pul siyasətidir. Əgər bir mərkəzi bank 2% inflyasiya hədəfi qarşıya qoyubsa və inflyasiya nisbəti bu hədəfdən daha aşağı səviyyədə reallaşarsa, faiz dərəcələri endirilərək insanların xərcləməkləri  stimullaşdırılır. Beləcə, inflyasiya artır və iqtisadiyyat tarazlıq nöqtəsinə çatır.

Yaxşı, əgər deflyasiya varsa və faiz nisbətləri sıfıra qədər salınmışdırsa, amma iqtisadiyyat düzəlməmişdirsə  nə edilməlidir? Artıq faiz nisbətləri sıfır olduğundan endirilə bilinməyəcəkdir. Ediləcək tək şey vardır: “Monetar təşviq” (Quantitative Easing).

“Quantitative Easing” (QE) ilə dövriyyədəki pul artırılaraq onun dəyəri aşağı salınır. Yəni, başqa bir mənada gizli inflyasiya yaradılır. Məqsəd, pul təklifi artırılaraq, xərcləmənin artırılmasıdır. Qiymətlərin gələcəkdə daha da yüksələcəyi qorxusu yaradılaraq, təxirə salınmış xərclərin bu günə çəkilməsinə çalışılır.

“Quantitative Easing”i sadə şəkildə fransız  iqtisadçısı Frederik Bastianın (Frederic Bastiat) hekayəsi əsasında izah etməyə çalışaq.

Bir dükançının şüşəsinin pis bir uşaq tərəfindən sındırıldığını düşünək. Bu hadisə, ona şahid olanlar üçün təəssüf ediləcək bir vəziyyətdir. Çünki dükançının şüşəsini  təmir etdirməsi üçün pul xərcləməsi lazım olacaq. Dükançının şüşəni təmir etdirdiyini və şüşə ustasına 10 manat verdiyini düşünək. Usta işini böyük bir zövqlə edərək, axşam uşaqlarına bu pulla çörək ala biləcəyi üçün xoşbəxtdir. Usta 10 manatı çörəkçiyə verir. Çörəkçi, pulu qazandığı üçün sevinir və o da bu pulu təbii olaraq başqa bir yerdə xərcləyəcəkdir. 10 manatın “səfəri” beləcə davam edəcəkdir. Nəticəyə gəlsək, şüşənin qırılmasının yaratdığı zərərin aradan qaldırılması üçün xərclənən pul, iqtisadi fəaliyyətin yenidən canlanmasına səbəb olmuşdur. Qısası, dükançının xərclədiyi pul “Quantitative Easing”dir.

MÖVCUD VƏZİYYƏT

Hazırda Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi 3% təşkil edir. Göründüyü kimi, Bankın imkanı tükənməmişdir, faiz hələ də aşağı salına bilər. Amma, təcrübə göstərir ki, Azərbaycanda uçot dərəcəsinin aşağı salınması kredit faizlərinin aşağı düşməsində özünü göstərmir.

Dövriyyəyə əlavə pulun buraxılması inflyasiyanı daha da artıra bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, Avqustda iyul ayı ilə müqayisədə qiymətlər 0,1% ucuzlaşmışdır (deflyasiya). Bu daha çox mövsümi amil ilə bağlı olmuşdur. Yayda meyvə və tərəvəz ucuzlaşdığından qiymətlər aşağı düşür.

2014-cü ilin müvafiq dövrünə nisbətən (illik müqayisədə) cari ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri (inflyasiya) 3,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 1,2 faiz artmışdır.

BAŞ BANKİR BU METODDAN İSTİFADƏ OLUNACAĞINI DEMİŞDİ

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov Elman Rüstəmov beynəlxalq təcrübədə geniş istifadə edilən monetar genişlənmə (və ya Kəmiyyət yumuşaldılması  - Quantitative easing (QE) siyasətindən də istifadə edilə biləcəyini bildirmişdi:

“Cari ildə də manatın sabitliyinin təmini bizim ən öndə olan məqsədlərimizdən biridir və biz bu məqsədin reallaşmasını təmin edəcəyik. Müəyyən beynəlxalq konyukturadan irəli gələn proseslərə görə, yəqin ki, bir qədər təmkinli büdcə siyasəti həyata keçiriləcəkdir. Lakin beynəlxalq praktikadan Siz yaxşı bilirsiniz ki, məsələn, Amerika Birləşmiş Ştatları Mərkəzi Bankı, Yaponiya Mərkəzi Bankı və bu yaxınlarda Avropa Mərkəzi Bankı da bu məqsədlə öz müəyyən monetar genişlənmə planlarını açıqladılar. Yəni Sizin  (Prezident İlham Əliyevi nəzərdə tutur - Marja) həmişə görüşlərdə qeyd etdiyiniz bu siyasətin iqtisadi artıma, məşğulluğa olan məlum təsirlərini aradan qaldırmaq üçün monetar genişlənmənin həyata keçirilməsi, iqtisadiyyatda əlavə pul kütləsinin ötürülməsi kanallarının tapılması və bu vasitə ilə, məcmu tələbin genişləndirilməsi yolu ilə iqtisadi artımın canlandırılması və məşğulluğun təmin olunması yəqin ki, diqqət mərkəzimizdə olacaqdır”.

mənbə:marja