Sığorta sahəsində də birləşmə baş verə bilər

Sığorta sahəsində də birləşmə baş verə bilər | alkredit.az

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə sığorta şirkətlərindən konsolidasiya barədə müraciət daxil olmayıb. Bu barədə xidmətin rəisi Namiq Xəlilov məlumat verib.

Bununla belə, onun sözlərinə görə, gələcəkdə bank sektorunda olduğu kimi sığorta sahəsində də birləşmə baş verə bilər.

Namiq Xəlilov maliyyə problemləri ilə əlaqədar bəzi sığorta şirkətlərinin bazarı tərk etməsi ehtimalını da qiymətləndirib: “Bəzi şirkətlərin maliyyə əziyyəti yaxşılaşa, bəzilərinki pisləşə bilər. Amma istənilən halda şirkət azı 1 il öz öhdəliklərinə görə cavandehlik daşıyır. Həyat sığortasında isə bu müddət daha uzundur. Onun ötənilki fəaliyyəti bu ilin nəticələrinə təsir edir. Burada müəyyən qanunauyğunluq var. Biz hələ ki, lisenziyanın geri çağırılması ilə əlaqədar hansı şirkətin bazarı tərk edəcəyini proqnozlaşdırmırıq”.

Xidmət rəisi ötən il bazarı tərk etmiş “Qarant Sığorta” şirkətinin qərarına da münasibət bildirib: “Bu şirkətin səhmdarları hesab etdilər ki, onlar bazarı tərk edib əllərindəki pulu başqa sahəyə qoysalar daha qazanclı olarlar. Yəni, istənilən sığorta şirkətinin səhmdarları bazarda qalıb-qalmamaqla bağlı özləri müstəqil qərar verə bilərlər”.

Xatırladaq ki, 2015-ci ildə “Qarant Sığorta” ilə yanaşı “Era-Trans” sığorta şirkəti də bazarı tərk edib. “Era-Trans” məcmu kapitalla bağlı tələbi (5 milyon manat) yerinə yetirə bilmədiyi üçün lisenziyası ləğv olunub. Hazırda Azərbaycanda 26 sığorta şirkəti fəaliyyət göstərir.

Mənbə: Trend