Sənayenin qeyri-neft sektorunda 9,6 faizlik artım

Sənayenin qeyri-neft sektorunda 9,6 faizlik artım | alkredit.az

2015-ci ilin yanvar-oktyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 22,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Sənaye məhsulunun 62,9 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 7,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda məhsul istehsalı 1,7 faiz, o cümlədən əmtəəlik qaz hasilatı 6,2 faiz artmış, neft hasilatı isə 1,8 faiz azalmışdır.

Emal sektorunda qida məhsullarının istehsalı 3,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 52,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 46,7 faiz, poliqrafiya məhsullarının istehsalı 78,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 87,0 faiz, tikinti materiallarının istehsalı 9,9 faiz, metallurgiya məhsullarının istehsalı 2,1 faiz, hazır metal məhsullarının istehsalı 55,7 faiz, kompyuter, elektron və optik məhsulların istehsalı 98,6 faiz, elektrik avadanlıqlarının istehsalı 11,7 faiz, mebel istehsalı 9,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərinin həcmi 2,1 dəfə artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 1,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 2,5 faiz artmışdır.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,6 faiz artmış, neft sektorunda isə 0,6 faiz azalmışdır.

mənbə:marja