Xaricdə ipoteka krediti – ÇƏTİN DEYİLMİŞ

Xaricdə ipoteka krediti – ÇƏTİN DEYİLMİŞ | alkredit.az

Son illər xaricdə əmlak almağa maraq göstərən Azərbaycan vətəndaşlarının sayı sürətlə artmaqdadır. Gəlirlərin yüksəlməsi, iqtisadi vəziyyətin yaxşılaşması nəticəsində getdikcə daha çox ölkə vətəndaşı Azərbaycandan başqa, xaricdə də əmlak almaq barədə düşünür. Bəziləri isə bunu reallaşdırırlar. Amma xaricdə əmlak almaq üçün böyük sərvətə malik olmaq vacib deyil. Gəlirləri yaxşı olanlar elə həmin ölkədə ipoteka krediti götürərək əmlak ala bilərlər. Fins.az sizə xaricdə ipoteka krediti ilə əmlak almaq imkanları barədə "Daşınmaz Əmlak" jurnalının apardığı araşdırmanı təqdim edir:

Yerli bankın krediti daha sərfəlidir

Xaricdə ev almaq üçün ən optimal variant – yerli bankdan, yəni əmlak alacağın ölkənin bankından kredit almaqdır. «W1 Evans» beynəlxalq daşınmaz əmlak agentliyinin əməkdaşı Anna Levitova bildirir ki, yerli banklar MDB vətəndaşlarına həvəslə kredit verirlər. Məsələn, İspaniyada xaricilərə ən çox ipoteka krediti verən bank «Caixabank»dır. Türkiyədə isə «Garanti Bank»dan rahatlıqla kredit götürmək olar. Adətən kredit yerli valyutada verilir. Bəzi banklarda müxtəlif variantlar seçmək olar. Məsələn, «Garanti Bank»da dörd valyutada kredit almaq olar: avro, dollar, türk lirəsi və funt-sterlinqdə.

Faizlər yüksək deyil

Şərtlərinə, o cümlədən faiz dərəcələrinə görə, yerli bankların təklifləri daha sərfəlidir. Belə ki, MDB vətəndaşlarının daha çox daşınmaz əmlak aldığı 10 ölkədə ipoteka kreditləri üzrə faiz dərəcələri xeyli aşağıdır. Belə ki, Böyük Britaniyada ipoteka kreditləri illik 2-4,4%, İsveçrədə 1,5-3,5%, Avstiyada isə 3,1-3,5%-lə verilir. Müqayisə üçün, Azərbaycanda ipoteka üzrə illik faiz dərəcələri orta hesabla 6,71% təşkil edir.

50 min kreditin aylıq ödənişi nə qədərdir?

Məsələn, tutaq ki, biz 10 illik müddətdə 50 min manat ipoteka krediti götürmək istəyirik. Bu krediti Fransanın «Societe Generale» bankından illik 3%-lə götürdükdə aylıq ödəniş 483 manat təşkil edəcək. Fransız bankına ödənilən artıq məbləğ isə cəmi 8 min manat və ya kreditin 16%-i qədər olacaq.

Həmin məbləği İtaliyanın «UniCreditbank» bankından illik 2%lə götürdükdə aylıq ödənişin məbləğı 460 manat, artıq ödənilən məbləğ 6 min manat (yəni kreditin cəmi 12%-i qədər) təşkil edəcək.

Eyni məbləğli krediti Azərbaycanda götürəndə isə aylıq ödəniş 607 manat, kreditdən əlavə ödənilən məbləğ isə 22 min manat və ya kreditin 45%-i qədər olacaqdı.

Xaricilərə böyük fərq qoymurlar

Ölkələrin əksəriyyətində xaricilər üçün ipoteka kreditinin şərtləri yerli vətəndaşlardan fərqlənmir. Məsələn, İspaniyanın «Sabadell» bankı əcnəbilərə ipoteka kreditini illik 4,5% faizlə 40 il müddətinə verir. Əgər müştəri evini və həyatını sığortalasa, faiz dərəcəsi müvafiq olaraq 0,2% və 0,4% aşağı düşəcək. Kiprdə isə xaricilərə ipoteka kreditləri illik 3-5%-lə verilir. İlkin ödəniş təqribən 50% təşkil edir. Xarici ölkələrdə ipoteka krediti almaq üçün tələb olunan sənədlərin siyahısı da standartdır.

Amma istisnalar da var

Məsələn, Böyük Britaniyada xaricilər üçün ilkin ödəniş tələbi yerli vətəndaşlar üçün nəzərdə tutulandan daha yüksəkdir. İtaliyada isə ipoteka şərtləri ölkənin regionundan asılı olaraq dəyişə bilər. Bu ölkənin bəzi vilayətlərində xaricilərin ipoteka krediti almasına problem yoxdur, bəzi ərazilərdə isə bu mümkün deyil. «Əgər müştəri İtaliyanın Komo, Qarda və Macora, həmçinin Abrutso regionunda əmlak alırsa, biz obyektin dəyərinin 50%i həcmində kreditin alınacağına zəmanət veririk. Liquriya və Toskana vilayətlərində isə xaricilərə çətinliklə kredit verilir» - deyə «NV-company» beynəlxalq daşınmaz əmlak agentliyinin nümayəndəsi Nina Volkova məhdudiyyətləri izah edir.

İspaniyada da analoji vəziyyətdir: Tələbatın yüksək olduğu Barselonada ipoteka krediti almaq getdikcə çətinləşir, Kosta Blanka və Kosta del Sol bölgələrində isə kredit göürmək qətiyyən problem olmur.

Cenevrə sahilində əmlak almayacaqsınız

Bəzi ölkələrdə isə xaricilərə məhdudiyyətlər tətbiq olunur. Məsələn, İsveçrədə ipoteka krediti məsələsində əyalətdən əyalətə fərq var. Burada xaricilər heç də bütün kantonlarda (vilayətlərdə) əmlak sahibi ola bilmirlər. Bunu «Henley&Partners» şirkətinin nümaynədəsi Piter Krummenaxer deyir.

Məsələn, Cenevrə gölünün sahilində yalnız o şəxslər əmlak ala bilər ki, onların İsveçrədə yaşayış icazəsi olsun. Bu qayda Sürix, Cenevrə, Lütsern və Bern şəhərlərinə də aiddir. «Bundan başqa, əgər xarici müştəri İsveçrə sakini deyilsə, onun əmlak almağını rəsmiləşdirmək üçün xüsusi icazə tələb olunur. Belə icazəni də çox nadir hallarda verirlər» - deyə Krummenaxer əlavə edib.

«Krediti qaytara biləcəksiniz?»

Xaricdə ipoteka ilə əmlak almağa hazırlaşan müştəri sübut etməlidir ki krediti qaytara biləcək. «Əsas şərt – müştərinin öz gəlirlərini təsdiqləməsidir. Demək olar ki, bütün banklar xarici müştəridən son 1-2 il üzrə əmək haqqı barədə iş yerindən arayış, eləcə də gəlirlər barədə vergi bəyannaməsini, həmçinin potensial borc alanın bank hesablarından çıxarışlar tələb edir» - deyə ekspertlər bildirirlər.

Amma gəlirləri göstərməklə iş bitmir. Müştəri həm də təsdiqləməlidir ki, öz vətənində vergi və digər borcları yoxdur. Ona görə də, banklar müştəridən tələb edir ki, kredit bürolarından (Azərbaycanda Mərkəzləşmiş Kredit Reyestri) və məhkəmə icraçıları xidmətindən arayış gətirsinlər.

Fransa bankları isə müştəridən hətta öz ölkəsində kommunal xidmətlər üzrə borcunun olmaması barədə də arayış istəyirlər. İspaniyada, Türkiyədə və İtaliyada kredit almaq istəyənlərdən öz ölkəsindəki vergi kodunu göstərmək tələb olunur.

Türkiyədə azərbaycanlılar üçün ipoteka

Azərbaycan vətəndaşları da xaricdə ipoteka krediti götürərək əmlak ala bilərlər. Bu ölkələrdən biri də azərbaycanlıların ən çox əmlak aldığı Türkiyədir. İyun ayından Azərbaycanda fəaliyyət göstərən Türkiyənin «Keyshead» əmlak şirkətində deyirlər ki, azərbaycanlılara Türkiyədə 2 variantda ipoteka krediti təklif olunur.

1-Cİ VARİANT: Faizsiz ipoteka krediti

Bunlardan biri faizsiz ipoteka, yəni tikinti şirkətlərinin özlərinin təklif etdiyi ipotekadır və daha çox İstanbul şəhərində yayılıb. Məsələn, İstanbulun Atatürk hava limanından 15 dəqiqəlik məsafədə yerləşən Bəylik düzü və Bağçaşəhər bölgələrində faizsiz ipotekadan faydalanmaq olar. Faizsiz ipoteka özü də 2 formada olur.

1-ci forma tikintisinə yenicə başlanan binalar üçündür. Bu zaman mənzilin dəyərinin 25%-i qədər ilkin ödəniş verilir, qalan məbləğ isə faizsiz olaraq 48 aya bölünür. Yəni, tutaq ki, gələcək mənzilin 120 min dollar qiyməti varsa, əvvəlcədən 30 min dollar ödəmək, sonra isə ayda 1875 dollar (90 min dollar / 48 ay) ödəniş etmək lazımdır.

2-ci forma isə tikintisi başa çatmış binalar üçündür. Bu zaman hazır mənzilin dəyərinin 50%-i ilkin ödəniş kimi tələb edilir, qalan məbləğ isə faizsiz olaraq 12 aya bölünür. Yəni, evin qiyməti 120 min dollardısa, əvvəlcə 60 min dollar, sonra isə ayda 5 min dollar ( 60 min dollar / 12 ay) ödəmək lazım gəlir.

2-Cİ VARİANT: Faizli ipoteka krediti

Türkiyənin Ankara, İzmir, Antaliya, Alaniya, Kuş adası, Bodrum, Trabzon kimi yerlərində isə müştərilərə bankların iştirakı ilə ipoteka təklif edilir. Amma burada söhbət yalnız tikintisi başa çatmış, “tapu”ya, yəni bizim dildə “çıxarış”a (“Kupça”ya) malik mənzillərdən gedir. Əgər mənzilin “tapu”su yoxdursa, bunun üçün 2-3 min dollar civarında əlavə xərc çəkmək lazımdır. Başqa heç nəyə xərc çıxmır. Yerli banklar mənzilin dəyərinin 50%-i qədər ipoteka krediti ayırırlar. Kredit illik təxminən 15%-lə, 5 il müddətinə, özü də yalnız türk lirəsi ilə ayrılır. Sonuncu məsələ alıcılar üçün xüsusilə vacibdir. Lirə ilə kredit almaq o deməkdir ki, dolların qiymətinin necə dəyişməsindən asılı olmayaraq siz sabit valyuta ilə ipotekanızı ödəyəcəksiniz.

İpoteka götürmək üçün azərbaycanlılardan nə tələb olunur?

Türkiyədə banklardan ipoteka krediti götürmək istəyənlər Azərbaycanda sabit gəlirə malik olduqlarını sübut etməlidirlər. Bunun üçün bank hesabından çıxarış və yaxud burada hansısa daşınmaz əmlaklara malik olmasına dair sənədlər təqdim etmək kifayətdir. Tikinti şirkətlərinin daxili ipoteka proqramında isə müştərinin gəlirləri ilə adətən maraqlanmırlar. Buna ehtiyac da yoxdur, çünki kredit ödənilməsə, əmlak alıcıya verilməyəcək.

Dubayda ipoteka krediti

Azərbaycan vətəndaşları ipoteka krediti ilə Dubayda da əmlak ala bilərlər. Bunun üçün banka, necə deyərlər, əziyyət vermək heç lazım deyil. Tikinti şirkətləri 10% ilkin ödəniş şərti ilə faizsiz ipoteka təklif edirlər. Amma bir məsələ var ki, burada ipoteka krediti yalnız ABŞ dollarında verilir, kreditin müddəti isə 3-5 ildir. Özü də Dubayda tikintisi başa çatmış binada satlıq mənzil tapmaq çox çətindir. Satışda olan mənzillər adətən tikintisinə yenicə başlamış binalarda olur.

Avropada ipoteka krediti

Azərbaycan vətəndaşları Türkiyə və Dubaydan başqa, Avropada (xüsusilə avro məkanında) da ipoteka krediti ilə əmlak ala bilərlər. Bu məsələdə vasitəçilik edən yerli daşınmaz əmlak agentlikləri müştərilərə tövsiyə edirlər ki, ya inkişaf etmiş Almaniyada, ya da iqtisadi böhrana görə qiymətlərin münasib olduğu İspaniya və Bolqarıstanda əmlak alsınlar. Xüsusilə sonuncu iki ölkədə əmlak bazarı zəif, xaricdən gələn vəsaitə ehtiyac böyük olduğu üçün alıcının pulunun mənbəyi ilə maraqlanan olmur. Almaniyada isə «çirkli pullar» məsələsinə həssas yanaşırlar: 20-30 min avrodan artıq əmlak alanlardan tələb olunur ki, gəlirlərini rəsmi şəkildə təsdiq etsinlər. Yəni, müştəri bank hesabından çıxarışla pulu qanuni yolla qazandığını sübut etməlidir.

İpoteka kreditləri 2-3%-lə verilir

Azərbaycan vətəndaşları İspaniyada ipoteka kreditlərini 3-5%-lə, 25-30 il müddətinə götürə bilərlər. İlkin ödəniş tələbi 50%-dir. Bolqarıstanda isə mənzilinin dəyərinin maksumum 20%-ni əvvəlcədən ödəmək tələb olunur. Amma ipoteka kreditləri İspaniya ilə müqayisədə bir qədər bahadır. Bolqarıstanda ipoteka kreditinin illik faiz dərəcəsi 8-10%, müddət isə maksimum 20 ildir.

Nəinki Avropanın, həm də dünyanın perspektivli daşınmaz əmlak bazarlarından sayılan, kirayə biznesinin geniş yayıldığı Almaniyada isə Azərbaycan vətəndaşları ipoteka kreditlərini illik 2-3%-lə, 20 illiyə götürmək olar. İlkin ödəniş tələbi isə 50%-dir.

Yüz ölçüb, bir biçmək lazımdır

Amma xaricdən ipoteka ilə əmlak alanların əlavə xərcləri də var. Belə alıcılar təkcə krediti qaytarmaqla kifayətlənmirlər. Onlar həm də artıq sahibi olduqları əmlakın saxlanması xərclərini də çəkməlidirlər. Bura əmlak vergisi, kommunal və digər xidmətlərin xərcləri və sair aiddir. Xaricdə əmlak satışı ilə məşğul olan agentliyin eksperti Filipp Beryozin bildirib ki, məhz bu səbəbdəndir ki, bir neçə il əvvəl xaricdən ipoteka krediti ilə əmlak alan müştərilərin bir hissəsi indi həmin əmlakı satmağa çalışırlar: «Onlar hər iki xərci maliyyələşdirmək iqtidarında deyillər. Ona görə də xaricdən ipoteka gtürmək gəlirləri yüksək olanlara uyğundur».

Xarici ölkələrdə ipoteka kreditlərinin faiz dərəcələri (sentyabr 2015, Knight Frank)

Ölkə

Bank

Dərəcə, %
(yerli valyutada)

İsveçrə

Credit Suisse

1,04–1,98

Almaniya

Deutsche Bank

1,20

Türkiyə

Garanti Bank

1,21 (lirə),0,58 (avro), 0,70 (dollar)

Almaniya

Commerzbank

1,24

Türkiyə

HSBC

1,25

Fransa

Credit Agricole

1,69

İspaniya

BBVA

1,90–2,15

İtaliya

Unicredit Bank

2,00–2,50

Avstriya

Immo–Bank

2,18–1,52

Çexiya

Raiffeisenbank

2,19–2,35

Fransa

Societe Generale

2,25–3,30

İspaniya

Santander

2,26–4,45

B.Britaniya

HSBC

2,49–3,79

Avstriya

Bank Austria

2,60

B.Britaniya

Barclays

3,25–3,99

Fransa

BNP Paribas,

3,59–4,69

İspaniya

Sabadell

4,10–4,85

Avstriya

ING–DiBa Direktbank Austria

4,30–5,30

Kipr

USB Bank

4,50–4,75

İspaniya

La Caixa

5,50–6,95

Türkiyə

DenizBank

11,20 (türk lirəsi),6,60 (dollar), 7,20 (avro)

mənbə:fins.az