Yalançı artımlar

Yalançı artımlar | alkredit.az

Dünən Azərbaycan Mərkəzi Bankı Fevral ayı üzrə bankların aktivləri, kredit qoyuluşları, məcmu kapitalı və əhalinin əmanətləri barədə məlumatları açıqladı.

Açıqlanan məlumatlardan görünür ki, əvvəlki aylarda geriləyən, ən yaxşı halda cüzi artan rəqəmlər durğunluğun və ajiotajın olduğu bir ayda artıb.

“Marja”nın hesablamalarına görə, əslində, rəqəmlərdə real artım baş verməmişdir, artım məzənnə dəyişikliyindən qaynaqlanır.

HEÇ İLLİK ARTIM BU QƏDƏR OLMAMIŞDIR

Məsələn, Mərkəzi Bankın məlumatına görə, Fevral ayında banklarda əhalinin əmanətləri 811,4 milyon manat artaraq Yanvar ayının sonundakı 7 milyard 121.3 milyon manatdan 7 milyard 932.7 milyon manata yüksəlib. Azərbaycanda əmanətlərdə heç vaxt bir ay ərzində 811 milyon manat artım olmayıb. Müqayisə üçün qeyd edək ki, 2014-cü il ərzində banklarda əhalinin əmanətləri 792,5 milyon manat artmışdı.

BƏS NECƏ ARTMIŞ KİMİ GÖRÜNÜR?

Bəs, əmanətlər bir ayda necə bu qədər artıb? Əlbəttə, devalvasiya nəticəsində. Banklardakı əmanətlərin böyük bir hissəsi dollarda idi. Dollarda olan əmanətlər yeni məzənnə ilə manatda ifadə olunduqda daha böyük rəqəm alındı.

Hələ dollar 78 qəpiyə olan vaxtda, daha dəqiqi Yanvar ayının sonunda banklardakı əhalinin 7 milyard 121,3 milyon manatlıq əmanətlərinin 2 milyard 845 milyon manatı xarici valyutada (dollarda), 4 milyard 276,3 milyon manatı milli valyutada idi.  Xarici valyutada olan 2 milyard 845 milyon manatlıq əmanət köhnə məzənnə ilə 3 milyard 650 milyon dollara bərabər idi. Devalvasiya nəticəsində 1 dollar 1.05 manata yüksəldikdən sonra 3 milyard 650 milyon dollar 3 milyard 830 milyon manata bərabər olmuşdur. Yəni, məzənnə dəyişikliyi nəticəsində manatla ifadədə əmanətlərdə  945 milyon manatlıq artım yaranmışdır (3 milyard 830 milyon manat-2 milyard 845 milyon manat = 945 milyon manat). Buradan görünür ki, Fevral ayında əmanətlərdə real olaraq artım deyil, azalma baş verib. Əgər artım olsaydı, rəqəm ən azı  945 milyon manatdan yüksək olmalı idi, amma yuxarıda qeyd olunduğu kimi artım 811,4 milyon manat olub.

ƏN AZI 170 MİLYON MANAT AZALIB

Əmanətlərdə artım olmasa belə, devalvasiyadan sonra yenidən qiymətləndirmə ilə Yanvar ayındakı əhalinin əmanətləri 8 milyard 106,3 milyon manata bərabər olmalı idi (4 milyard 276,3 + 3 milyard 830 milyon manat). Fevral ayının sonuna olan məlumata görə,  əhalinin banklardakı əmanətləri 7 milyard 932.7 milyon manat təşkil edib. Deməli, ən azı 170 milyon manatlıq və ya 2%-dən çox azalma var. Əgər fevral ayının 21-dək (devalvasiya günü) banklarda milli valyutada olan əmanətlər azalmışdırsa  dəqiq məlumatlar açıqlandıqda cəmi əhalinin əmanətlərindəki real azalma daha böyük nisbətdə olacaqdır.

KREDİTLƏR VƏ AKTİVLƏR DƏ ƏSASƏN EYNİ SƏBƏBDƏN ARTIB

Mərkəzi Bankın məlumatına görə, bankların kredit qoyuluşları və aktivləri də artıb. Əslində bu göstəricilərdəki artımın böyük hissəsi məzənnə dəyişikliyindən qaynaqlanır. Bankların aktivlərinin tərkib hissələrindən biri olan kreditlərin müəyyən hissəsi dollarda olduğundan məzənnə dəyişikliyindən sonra bnakların aktivləri və kredit qoyuluşları artmış kimi görünür.