Yeganə təkrarsığorta şirkətimiz İran bazarına daxil olmağa hazırlaşır

Yeganə təkrarsığorta şirkətimiz İran bazarına daxil olmağa hazırlaşır | alkredit.az

Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan "AzRe" şirkəti İran sığorta bazarına daxil olmağa hazırlaşır. "AzRe"nin rəhbəri Fuad Quliyev bildirib ki, şirkət İrandan təkrarsığorta risklərini qəbul etmək üçün danışıqlara başlayıb, danışıqlar İranın  müxtəlif şirkətləri ilə aparılır.

Qeyd edək ki, İran çox böyük sığorta bazarına malikdir. Bu ölkədə sığorta xidmətlərinni həcmi Rusiya istisna olmaqla MDB-nin bütün dövlətlərindən böyükdür. Amma "AzRe"nin bu bazarda fəaliyətə başlaması üçün müəyyən hazırlıqlar görülməlidir.

F.Quliyev bildirib ki, İrandan təkrarsığorta risklərini qəbul etmək üçün böyük imkanlar olmalıdır. Bundan başqa, İran tərəfi də, təkrar sığorta risklərini ötürmək üçün xarici təkrarsığortaçılar qarşısında reytinq tələbi qoyur.

"AzRe" rəhbəri bildirib ki, İranın sığorta bazarından ilk növbədə əmlak riskləri qəbul edilə bilər. İran tərəfindən aviasiya sığortası risklərini də cəlb etmək olar, amma bu ölkənin təyyarə parkı köhnə olduğuna görə, "AzRe" bu risklərə maraq göstərmir.

İran tərəfi ilə əməkdaşlığın nə vaxt başlanacağına gəlincə, F.Quliyev bildirib ki, hazırda danışıqlar gedir, bundan başqa, sanksiyalarla bağlı da bəzi məsələlər həll olunmalıdır. Ümumiyyətlə isə İranın sığorta bazarında yeniliklər, bir qayda olaraq mart ayından başlanır.

Mənbə:  fins.az