"Rabitəbank": Biznes kreditləşməsi pandemiyadan əvvəlki həcminə yaxınlaşır

"Rabitəbank": Biznes kreditləşməsi pandemiyadan əvvəlki həcminə yaxınlaşır

Azərbaycanda pandemiyanın yayılması əksər biznes sektorlarının fəaliyyətini tam və ya qismən məhdudlaşdırmasına səbəb oldu. Bu isə həmin sektorların dayanıqlığı üçün vacib şərtlərdən olan biznes kreditlərinin verilməsinə təsirsiz ötüşə bilməzdi.
“Report” pandemiya dövründə biznes subyektlərinin kreditləşməsi mövzusunda “Rabitəbank”ASC-nin Biznes Bankçılığı Departamentinin direktoru Hüseyn Bağırlı ilə müsahibəni təqdim edir:
- Pandemiya ölkədə biznes kreditlərinin verilməsinə nə kimi təsir göstərdi?
- Pandemiya dövründə biznesin bir çox sahələrində fəaliyyətin dayandırılması demək olar ki, bankların çoxunda kreditləşməyə öz təsirini göstərdi. Banklar biznes kreditlərinin verilmə dinamikliyini qısa müddətlik aşağı salmaq məcburiyyətində qaldılar. Çünki bank üçün kredit verərkən ən vacib meyar riskin hesablanabilən olmasıdır. Banklar isə belə vəziyyətlə ilk dəfə qarşılaşdıqlarına görə pandemiya dövrünün ilk zamanlarında öz risk strategiyalarını bazarın vəziyyətinə və atılan önləyici addımlara görə müəyyən etməyə çalışdılar. Bu vəziyyət təqribən aprel ayının ikinci yarısına qədər davam etdi. Hazırda biznesin kreditləşməsi demək olar ki, normal vəziyyətə gətirilib və pandemiya dövründən əvvəlki həcmə yaxındır.
- Banklar çətin vəziyyətdə olan sahibkarlıq subyektlərinə necə dəstək oldular?
- Karantinin ilk 1-2 aylıq dövründə bazarın zərərini müəyyən etmək və zərər görmüş müştərilərə güzəşt strategiyasının müəyyən edilməsi üçün çalışıldı. Biznes fəaliyyəti dayandırılmış müştərilər nəinki kreditin əsas məbləğini, hətta faizini ödəmə iqtidarında deyildilər. Atılan tənzimləyici addımların da köməyi ilə banklar risk səviyyəsini dəyişməməklə pandemiyadan zərər çəkmiş biznes subyektlərinə mövcud kreditlərində güzəşt verməyə başladılar. Müştəriləri bu vəziyyətdən çıxardıqdan sonra təqribən may ayının ortalarından sektorda yenidən canlanma başladı.
Qida və səhiyyə sektorlarına paralel olaraq iqtisadi əhəmiyyətə malik iri layihələrin də maliyyələşməsi dayanmadı. Ümumilikdə bu gün vəziyyət demək olar ki, pandemiyadan öncəki dövrə yaxınlaşıb.
- Real sektorun kreditə marağı hansı səviyyədədir?
- Müştərilərin kreditə hər zaman marağı var. Bu proses heç vaxt dayanmayacaq. Çünki hər kəs öz biznesini borc hesabına böyütmək istəyir. Əsas odur ki, təklif müştərilərin tələbini qarşılaya bilsin. Dünyanın istənilən ölkəsində bu sahədə həmişə tələb təklifdən çox olub. Bəzi fəaliyyəti dayanan sektorlar istisna olmaqla digər sahələrdə pandemiya dövründə tələb demək olar olduğu kimi qaldı. Kiçik və orta sahibkarlığın kredit tələblərində əvvəlki dövrlə müqayisədə azalma olsa da, iri həcmli kreditlərdə bu təsir çox az hiss olundu. Ümumi baxdığımızda pandemiyadan əvvəlki dövrlə müqayisədə kredit tələbində 30-35% azalma hiss olunur.
- Əsasən hansı biznes sektorlarına kreditlər ayırırsınız?
- Tək biz yox, ölkədəki bütün banklar qeyri-neft sektoruna xüsusi əhəmiyyət verir. Kreditləşməsinə daha çox önəm verdiyimiz sektorlardan biri kənd təsərrüfatı sahəsidir. Xüsusilə əkinçiliyə daha çox önəm veririk. Bununla bağlı dövlət fondları ilə ən çox çalışan və ən sürətli müştəri xidməti göstərən banklardan biri də bizim bankdır. Paralel olaraq istehsalata edilən investisiyalar, ixrac potensiallı biznes subyektləri və layihə maliyyələşməsi də kreditləşmədə önəm verdiyimiz sahələrdəndir.
- Layihələrin kreditləşməsi zamanı nəzərə aldığınız ilkin şərtlər hansılardır?
- İlk növbədə kredit ayrılan layihənin ölkə iqtisadiyyatına nə dərəcədə fayda verəcəyini nəzərə alırıq. Bundan sonra layihənin necə və hansı qurum tərəfindən maliyyələşdiyinə diqqət edirik. Daha sonra isə maliyyə göstəriciləri ilə birlikdə kredit üçün müraciət edən şirkətin həmin işi görməyə lazımi qədər təcrübəsinin olub-olmamasına diqqət edirik.
Layihə maliyyələşməsi edərkən işi icra edəcək firmanın təcrübəsinin nəzərə alınması önəmli məsələdir.
- Pandemiya dövründə kredit faizlərində hansı dəyişiklik oldu?
- Pandemiya dövrü çoxlarının düşündüyünün əksinə olaraq kredit faizlərinə təsir etmədi. Lakin bu dövr uzun müddət davam edərsə, faizlərin düşməsinə səbəb ola bilər. Əlində pul olan biznes sahibləri və ya yeni investorların yatırımlara ara verib vəsaitlərini banklara yerləşdirməyə üstünlük verməsi, kredit təkliflərinin tələbi üstələməsi və hazırkı biznes mühitinin davam etməsi halında faizlərinin aşağı düşməsi mümkündür. Hazırda biz kredit verərkən pandemiya dövründən öncə təklif etdiyimiz faizləri təklif edirik. - Daha çox hansı həcmdə biznes kreditləri verirsiniz?
- “Rabitəbank” olaraq daha çox kiçik və orta sahibkarlıq subyektlərinə kreditlər ayırmağa üstünlük veririk. Çünki kiçik və orta sahibkarlığın inkişafı ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, portfelin diversifikasiyası cəhətdən də kiçik və orta sahibkarlıq sahələri bütün bankların sevdiyi seqmentlərdir. Bu seqmentin müştəriləri iri müştərilərə nəzərən daha çevik qərarlar verib sürətli davrana bilir, böhran zamanı minimum zərərlə çıxa bilir. - Kredit portfelinizdə biznes kreditlərin həcmi nə qədərdir?
- Hazırda kredit portfelimizdə biznes kreditlərin xüsusi çəkisi 60% təşkil edir. Lakin burada söhbət balansda görünən kreditlərdən gedir. Əlavə olaraq biznes subyektlərinə xidmət edərkən banklar verilmiş kreditlərlə yanaşı, zəmanət məktublarına da diqqət edir. Bu məhsul hüquqi şəxslərə göstərilən xidmət zamanı nağd kreditlər qədər vacibdir. Balans arxasında olan həmin məhsulları da nəzərə alsaq, biznes kreditlərinin ümumi portfeldə payı 75%-ə qədər olduğunu deyə bilərik.

Mərkəzi Bank valyuta məzənnələri

Valyuta

Alış

USD 1.7
EUR 1.858
RUB 0.0238
TL 0.2502